IQNA

9:34 - September 11, 2021
Xəbər sayı: 3490709
Mənim həmişə arzum bu olub ki, bizdə Bibi-Heybət deyilən bir ziyarətgah var, mən öləndə məni o ziyarətgahın giriş qapısında dəfn etsinlər və zəvvarlar qəbirim üzərindən keçib ziyarətgaha daxil olsunlar.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Məhərrəm ayı və Kərbəla şəhidlərinin əzadarlıq günləri münasibəti ilə Azərbaycanın tanınmış məddahları və Əhli-Beyt (ə) şairlərinin bir neçəsi ilə Azərbaycanda məddahlıq və növhəxanlıq mövzusunda müsahibə edib.

Bu müsahibənin əsas hədəfi Azərbaycanın dəyərli məddahları və Əhli-Beyt (ə) şairləri ilə tanış olmaq, cavan məddahları tutduqları peşəyə həvəsləndirmək və onları regionun Azərbaycan və Türk dilində danışan xalqlarına tanıtdırmaqdır.

Bu gün qonağımız Azərbaycanın məşhur məddahı və Əhli-Beyt (ə) şairi olan Elşən Xəzərdir.

 

IQNA: Əhlibeyt (ə) şairi və məddahı olmağınıza səbəb və motivasiya nə olub?

Ümumiyyətlə bu şeir elə bir şeydir, bu gərək insanın canında və qanında ola. Və əlbəttə ki, Əhli-Beyti (ə) mədh eləmək mənim üçün bir şərəfdir və minnətdir Allah tərəfindən ki, bunu mənə nəsib edib.

Məddah olmağıma səbəb Əhli-Beytə (ə) olan sevgi və məhəbbətdir, onların üzərimizdə olan haqqıdır, onların məzlumcasına şəhid edilməsi və zülmlərə məruz qalması, onların haqqı insanlara çatdırmaları və kamil insan nümunəsi olmalarıdır.

Biz Əhli-Beyti (ə) məhd etməliyik və onların həyatında baş verən bütün hadisələri bacardığımız qədər nəzmə çəkməliyik. Hədəf budur, səbəb və illət budur.  

IQNA: Məddahlığa nə vaxtdan peşəkar formada başlamısınız?

Bu yolda insan nə qədər öyrənsə, yenə də tələbədir və peşəkar olmaq üçün gərək onların (əhli-beytin) özündən olasan və bu da mümkün olan deyil. Əgər camaat məni peşəkar bir məddah və bir şair sayırsa, Allah onların hamısından  razı olsun. Amma mən özümü bu işdə peşəkar saymıram. Bu yolda nə qədər öyrənsəm və nə qədər (irəliyə və inkişafa doğru) addımlasam yenə də azdır.       

 

IQNA: Əhli-Beyt (ə) məddahı və şairi olmaq sizin şəxsi həyatınıza nə kimi təsirlər qoyub?

 Bunu anlamaq üçün gərək siz müxatəblər də məddah və ya şair olasız və o halları yaşayasız. Əlbəttə ki, Əhli-beyti (ə) mədh etmək insanın imanının kamilləşməsi və mənəvi inkişafında çox böyük bir təsir qoyur. İnsanın imanında yüksəliş və kamilləşmə aparır. Çünki məddah və şair həyatının çox hissəsini Həzrət Peyğəmbərin (s) və onun pak əhli-beytinin (ə) həyat tərzi, sirə və sünnəsi ilə maraqlanır, onları mədh edir. Və bu zaman çalışır ki, özünü onlara oxşatsın. Buna görə də məddahlıq və əhli-beyt (ə) şariri olmaq insanın imanına müsbət mənada çox təsir qoyur. Əlbəttə bu işin insanın fərdi, ailəvi və ictimai həyatına qoyduğu təsirlər çoxdur.

 

IQNA: İndiyədək icra etdiyiniz mədhiyyə və ya mərsiyyələrdən və ya yazdığınız şeirlərdən hansı birini daha çox sevirsiz, nə üçün?

Şair şeiri doğur, hər bir şeir onun balası kimidir, əzizdir ona. Mən şeirlərim arasında ayrıseçkilik sala bilmirəm. Bu şeirlər Allah tərəfindən bizə lütf olunur. Buna görə də şeirlərimin hər bir misrası mənim üçün əzizdir. Əlbəttə, cəmiyyətdə hansısa şeirim ola bilsin ki, daha məşhur olsun, insanlar o şeiri daha çox sevsin. Amma mənim üçün şeirlərim hamısı əzizdir. Xalq hansı şeiri daha çox sevirsə, ona qulaq asır və orda deyilən sözlərdən ibrət götürür və özlərini Əhli-Beytin (ə) nuruna vəsl edirlər.

IQNA: Əgər sizdən soruşsalar ki, "bir məddah olaraq ən böyük arzunuz nədir", cavabınız nə olar?

Mənim həmişə arzum bu olub ki, bizim şəhərdə Bibi-Heybət deyilən bir məscid və ziyarətgah var, İmam Musa Kazimin (ə) qızının müqəddəs məzarı bu ziyarətgahdadır, arzum budur mən öləndə həmin ziyarətgahın giriş qapısında dəfn etsinlər və Həzrət Həkimə xanımın (s) zəvvarları mənim qəbirim üstündən keçib ziyarətgaha daxil olsunlar, ayaqlarını mənim sinə daşıma qoyub içəri keçsinlər. Arzum həmişə bu olub. Bu mənim şəxsi arzumdur. Ümumi olaraq da azru edirəm ki, bütün dünya, bütün xalqlar və bəşəriyyət Əhli-Beyti (ə) tanısın və onlara (ə) aşiq olsunlar.   

 

IQNA: Əhli-Beyt üçün şeir deyəndə və ya məqtəl oxuyanda hansı mənbələrdən istifadə edirsiz?

Əlimizdə olan mümkün etibarlı mənbələrdən istifadə edirik. Hazırda mənim kitabxanamda "Şəhadətnamə" adlı məqtəl var, müasir dövrdə araşdırılaraq yazılmış kitablardan biridir və müəllifi Ayətullah Reyşəhridir. Bundan əlavə bir sıra mühüm qaynaqlara, o cümlədən, İbn Quləvəyhin "Kamiluz-Ziyarət", Seyyid Tavusun "Lühuf" və Ayətullah Şüştərinin "Xəsaisul-Hüseyniyyə" kitablarına da müraciət edirəm.

 

IQNA: Əhli-Beyt (ə) şairi və məddahı olaraq, xüsusi ilə də indiki şəraitdə İslam dünyası və müsəlmanlar üçün nə kimi mesajınız və tövsiyəniz var?

Tövsiyə etmək böyük insanlara aid bir məqamdır, onların sözüdür, böyüklərin verdiyi əmlərdir. Mən də elə onların sözün xatırlatmaq istəyirəm ki, bu gün dünya müsəlmanları hamısı "İslam ümmətinin vəhdəti" şüarı ilə Quran və Əhli-Beytin (ə) hidayət bayrağı altında birləşməlidirlər. Nə qədər ki, İslam ümmətində vəhdət yaranmayıb, İslam düşmənləri ümmətin parçalanmasından və pərakəndəliyindən sui-istifadə edəcək və hər zaman müsəlmanları daha çox parçalayacaq və təkləyəcəklər. Buna görə də müsəlmanlar sağlam ağıl və düşüncə ilə dünyada baş verənləri dəqiq araşdırmalı və analiz etməli, düşmənlərin qurduğu tora düşməməlidirlər. Buna üçün Quran və Əhli-Beyt (ə) bayrağı altında birləşmək lazımdır. Belə olarsa, qələbə müsəlmanların olacaq, ən azından İslam dünyası daha yaxşı şəraitdə və rifah içində yaşaya biləcəklər.

 

IQNA: Çox sağ olun, dəyərli vaxtınızı bizim üçün ayırdığınız üçün, təşəkkür edirik.

- Siz də çox sağ olun, zəhmət çəkibsiz, təşəkkür edirəm. IQNA-nın bütün kollektivinə, o cümlədən rəhbərliyinə salam-dualarımızı çatdırın.

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: