IQNA

Allah bizi niyə imtahan edir?

17:19 - July 06, 2022
Xəbər sayı: 3492516
Allah Qurani-Kərimdə insana xəbərdarlıq etmişdir ki, insan doğulduğu andan çətinlik içindədir. Bu çətinlik insanın qarşısındakı məşəqqətli yolu göstərir. Bu çətinliklər ilahi imtahandır.

Allah bizi niyə imtahan edir?"İQNA", xəbər verir ki, Höccətül-islam vəl-müslimin Əbdül-Əmir Sultani Allahın insanı niyə imtahan etməsi sualına cavab verib:

İnsan doğulduğu və özünü tanıdığı andan müxtəlif sınaqlara, imtahanlara məruz qalır. Bu imtahanlar insanın bacaracağını və istedadını ölçmək üçün müxtəlif sahələrdə aparılır. İlahi imtahanlar da müəyyən qədər buna əsaslanır, lakin fərqlər də var. Ən mühüm fərq, imtahan verənin özünün alim olması və məsələlərdən xəbərdar olmasıdır.

Müxtəlif mövzular üzrə insanlardan alınan imtahanlar daha çox tanımaq, qeyri-müəyyənliyi və cəhaləti aradan qaldırmaq üçündür. Amma ilahi imtahan insanların yetişdirilməsi və tərbiyəsi üçündür. Qurani-Kərim bu həqiqət haqqında buyurur: "Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!" (Ali-İmran, 154).

Bu, öz bəndələrinin gizli istedadlarını üzə çıxarmaq və nəticədə onları yetişdirmək üçün sınaqdan keçirən Rəbbin ümumi və daimi qanunudur. Yəni polad ocaqda əridilir ki, möhkəm olsun, insan da ağır hadisələrin ocağında tərbiyə olunur ki, dözümlü olsun.

İmam Əli (ə) ilahi imtahanların fəlsəfəsi haqqında buyurur: "Allah bəndələrinin ruhiyyələrindən daha çox agah olsa da, onları imtahan edir ki, mükafat və cəza meyarı olan yaxşı və pis əməllər onlardan görünsün".

Yəni insanın təkcə daxili keyfiyyətləri mükafat və cəza meyarı ola bilməz. Yalnız insanın əməllərində özünü göstərməlidir. Buna görə də Allah bəndələrini imtahan edir ki, daxillərində olanları aşkara çıxarsınlar. Mükafat və cəzaya layiq olmaları üçün istedadlarını göstərsinlər.

Quranda insanların imtahana çəkildiyi qorxu, aclıq, maddi itkilər və ölüm kimi nümunələr vardır. Həmçinin, övladlar, peyğəmbərlər və Allahın əmrləri və hətta pis və yaxşı şeylər ilahi imtahan sayılır.

4060906

captcha