IQNA

İlahi imtahanlar, bəndələrin ölçü meyarı

0:07 - September 21, 2022
Xəbər sayı: 3492956
Hər bir insan nə öyrəndiyini və ya imkanlarını bilmək üçün sınaqdan keçirilir və ya imtahan verir. Bu imtahan insanların öz başına buraxılmaması, daxili və xarici hallarını öyrənmələri üçündür. İndi bu imtahanlar Allah tərəfindən alınarsa, mütləq əhəmiyyətli bir imtahan olar.

İmtahana məruz qalmaq, insanın yaradılış məqsədlərindən biri sayılan ilahi sünnələrdəndir. İnsan hər zaman imtahana məruz qalır ki, halları və davranışları ölçülüb-biçilsin. Xüsusən də mömindirsə: “İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?” (Ənkəbut, 2).

Ona görə də insanlar hər an ilahi imtahanı gözləməlidirlər. İlahi imtahanların alət və vasitələri də genişdir. Yaxşılıqlar və pisliklər, nemətlər və bəlalar və ətrafımızda mövcud olan və ya baş verən hər şey imtahana səbəb ola bilər. "(Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-calalla) imtahana çəkərik" (Ənbiya, 35). Bəla və müsibətlər imtahan olduğu kimi, Allahın gənclik və sağlamlıq, var-dövlət, gözəllik və övlad kimi nemətləri və yer üzündə olan hər şey bir imtahandır. İnsanları sınamaq üçün bir vasitədir: "Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək" (Kəhf, 7).

İlahi imtahanlar ümumbəşəri bir ənənədir ki, konkret şəxs və ya qrupa xas deyil. Həqiqətdə, bütün insanlar imtahana məruz qalırlar. İlahi imtahanlarda ən mühüm məsələ imtahanın motivlərindən xəbərdar olmaqdır. Bu motivasiyalardan biri də insanlarda gizlənən məziyyət və bacarıqları müəyyən etməkdir: "Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!" (Ali-İmran, 154).

“Şübhə yoxdur ki, Allah ürəklərdə olanları (qəlblərin sirrini) biləndir!” cümləsi (Maidə, 7) göstərir ki, Allahın sınağından məqsəd həqiqətləri müəyyən etmək deyil. Məqsəd tərbiyə və insanların vücudunda olan potensialları ortaya çıxartmaqdır.

İnsan təcrübələri üçün ikinci motivasiya mükafat və cəzaların miqyasıdır. Təkcə daxili keyfiyyətlərə sahib olmaq mükafat və ya cəzaya səbəb ola bilməz. Həqiqətdə, bu xüsusiyyətlər insanın davranışı və fəaliyyəti ilə üzə çıxır. Bunun özü də Allahın imtahanının motivlərindən biridir. Necə ki, İmam Əli (ə) buyurur: "Allah insanı özündən daha yaxşı tanıyır, lakin mükafat və cəza meyarlarının aşkar olması üçün onları imtahana çəkəcək” (Nəhcül-bəlağə, Hikmət 93).

Üçüncü motivi yaxşını pisdən ayırmaq kimi qəbul etmək olar. Çünki bütün insanların özlərini mömin kimi tanıdığı bir cəmiyyətdə həqiqi möminləri müəyyən etməyin ən yaxşı yolu ilahi imtahanlardır: "Allah pisi yaxşıdan (münafiqi mömindən) ayırmaq üçün möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir" (Ali-İmran, 179).

* Mərcə-təqlid Cəfər Sübhaninin "Mənşur Cavid" kitabından götürülmüşdür.

Ad:
E-poçt:
* Comment:
captcha