IQNA

Təfsir və müfəssirlərin tanıtdırılması / 7

İmam Həsən Əskərinin (ə) Təfsiri qiymətli mirasdır

19:19 - November 20, 2022
Xəbər sayı: 3493291
Qədimi təfsirlərdən biri 379 hədisdən ibarət olan İmam Həsən Əskəriyə (ə) aid edilən təfsirdir. O, Quranın bəzi ayələrini təfsir edir. Təfsirlərin çoxu Peyğəmbərin (s) və şiə imamlarının möcüzələri haqqındadır.

İmam Həsən Əskəriyə (ə) nisbət verilən təfsir imamiyyənin rivayi təfsirlərindəndir və hicri qəməri təqvimi ilə üçüncü əsrə aiddir. Bu təfsiri İmam Həsən Əskəriyə (ə) aid edilməsinin düzgün olub-olmaması ilə bağlı bir çox mübahisələr var.

İmam Həsən Əskəri (ə) ləqəbli Əbu Məhəmməd Həsən ibn Əli ibn Məhəmməd (miladi 846-cı ildə Mədinədə anadan olub və miladi 874-cü ildə Samirrada şəhid olub) şiələrin 11-ci imamı və Vəd edilmiş Mehdinin (əc) atasıdır.

Bu kitab Həzrət İmam Həsən Əskərinin (ə) tələbələrindən olan Əbu Yaqub Yusif ibn Məhəmməd ibn Ziyad və Əbülhəsən Əli ibn Məhəmməd ibn Yəsar tərəfindən yeddi il ərzində həzrətin əmri ilə yazılmışdır. Məhəmməd ibn Qasim Əstarabadi də onu nəql etmişdir.

Bu təfsir bütün Quranın təfsiri deyil. Təfsir "Həmd" surəsindən başlayır və Bəqərə surəsinin 282-ci ayəsində bitir. Bu təfsir “rivayi təfsir”dir. bu təfsir Quranın fəzilətləri, Quranın təfsiri və qiraət ədəbləri ilə bağlı izahlarla başlamış və Əhli-Beytin (ə) fəzilətlərini ehtiva edən hədislərin qeyd olunması ilə davam etmişdir.

Bu təfsirdə bəzi ayələr təvil (sözlərin zahirindən uzaq bir məna ifadə edən təfsir növü) edilir. Əksər təfsirlər Peyğəmbərin (s) və şiə imamlarının möcüzələri haqqındadır. Ümumilikdə bu təfsirdə 379 hədis vardır. Əksər rəvayətlər uzun və təfərrüatlıdır ki, bəzən bir rəvayət bir neçə səhifəni əhatə edir.

Şeyx Səduq (vəfatı 381) ilk alimdir ki, öz kitablarında bu təfsirdən çox sitat gətirmişdir. Baxmayaraq ki, onun etibarlılığı haqqında heç nə deməmişdir. Müasir fəqihlərdən olan Ayətullah Seyfi Mazandarani Şeyx Səduqun “Təfsir Əskəri” hədislərinə istinad edir və bunu bu əsərin səhihliyini sübut edən səbəblərdən biri hesab edir. Xüsusilə ona görə ki, Şeyx Səduq İmam Həsən Əskərinin (ə) dövrünə yaxın idi və atası onun xüsusi səhabələrindən sayılırdı. Kitab rəvayətləri silsiləsinin tədqiqi də onu göstərir ki, bu təfsirin nəql olunması dördüncü və beşinci əsrlərdə Qum alimləri və fəqihləri arasında geniş yayılmışdır.

Digər tərəfdən, hədis alimi və universitet müəllimi Höccətül-İslam vəl-müslimin Əbdül-Hadi Məsudi hesab edir ki, bu məcmuəni İmam Həsən Əskəridən (ə) nəql edən iki şəxsiyyət tanınmış insanlar deyil. Təbii ki, onların və bu təfsirin mötəbər olmasından danışmaq olmaz. Xüsusən də bu təfsirdə tarixi dəlillərə və digər müəyyən tarixi məlumatlara uyğun gəlməyən hədislər olduğu üçün bunu etmək olmaz.

Şeyx Səduqdan sonra Əbu Mənsur Əhməd ibn Əli Təbərsi öz "İhticac" kitabında öz mənbələrini təqdim edərkən İmam Həsən Əskərinin (ə) təfsirini qeyd etmiş, lakin onun şöhrət tapmadığını bildirmişdir. Bu səbəbdən kitabın rəvayət sənədini tam şəkildə təqdim etmişdir.

Ümumi fəqihlərin öz əsərlərində təsdiq etdikləri və sitat gətirdikləri Təfsirül-Əskərinin (ə) məşhur rəvayətlərindən biri də Camiuş-Şərait fəqihin xüsusiyyətlərini təsvir edən bir hədisdir. Rəvayətin mətni və tərcüməsi belədir;

«فَمَن قَلَّدَ مِن عَوامِّنا مِثلَ هؤلاءِ الفُقَهاءِ فَهُم مِثلُ اليَهودِ الذينَ ذَمَّهُمُ اللّه بالتَّقليدِ لِفَسَقَةِ فُقَهائهِم .فَأمّا مَن كانَ مِن الفُقَهاءِ صائنا لنفسِهِ حافِظا لِدينِهِ مُخالِفا على هَواهُ مُطِيعا لأمرِ مَولاهُ فلِلعَوامِّ أن يُقَلِّدُوهُ ، وذلكَ لا يكونُ إلّا بَعضَ فُقَهاءِ الشِّيعَةِ لا جَميعَهُم»

Tərcüməsi: "Əgər (müsəlmanlar) belə fəqihlərə (yəhudi xalqının fasiq fəqihlərinə) təqlid etsələr, onlar Allahın öz fasiq fəqihlərinə oxşamaqda və onlara tabe olmaqda məhkum etdiyi yəhudilər kimi olarlar. Halbuki, nəfsini idarə edən, dinini qoruyan, nəfsani istəklərinə müxalifətçilik edən və mövlasının əmrinə tabe olan hər hansı bir fəqihə təqlid etmək digər insanların vəzifəsidir. Əlbəttə ki, yalnız bəzi şiə fəqihləri bu xüsusiyyətlərə malikdirlər, hamısı deyil".

Bu əsərin əhəmiyyətinə baxmayaraq, bu rivayi əsər ilə bağlı aparılan tədqiqatlar hələ də başlanğıc mərhələsindədir. Şiə dünyasında və xüsusən də İranda bu təfsirlə bağlı aparılan araşdırmalar arasında ən əhatəli və dərin məzmunlu əsərlər ensiklopediya qeydləridir. Şərqşünasların əsərləri arasında İmamiyyənin ilk əsrlərinin təfsirləri üzrə mütəxəssis olan Meir Braşer qərblilərin bu sahədə ən mühüm araşdırmalarının müəllifidir.

captcha