IQNA

Quran surələri / 70

Yaxın olan və yaxınlaşan əzab

16:18 - April 12, 2023
Xəbər sayı: 3494008
Allahın əzabı, Onu inkar edənlərin zənn etdiyindən daha yaxındır və bu əzab mütləq olacaq və gələcəkdir. Heç bir şey buna mane ola bilməz.

Qurani-Kərimin 70-ci surəsi “Məaric” adlanır. 44 ayədən ibarət bu surə Qurani-Kərimin iyirmi doqquzuncu cüzünə daxil edilmişdir. Məkkə surələrindən olan bu surə Peyğəmbərə (s) nazil olan yetmiş doqquzuncu surədir.

Bu surənin "Məaric (yəni “dərəcələr”) adlandırılması onun üçüncü ayəsində bu sözün işlədilməsi ilə bağlıdır. Bu surədə Allah mələklərin və ruhların yüksəldiyi “Məaric Sahibi” kimi xatırlanır. Bu surədə “Məaric”dən məqsəd göylər və ya insanın Allaha yaxınlaşmaq üçün təkamül yolunda mövcud olan mərhələləridir.

“Məaric” surəsi Allahdan ona əzab verilməsini istəyən bir şəxsin əhvalatı ilə başlayır. Sonra qiyamət gününün xüsusiyyətlərini və o gün mömin və kafirlərin bəzi şərtlərini təsvir edir. Sonda müşrik və kafirlərə xəbərdarlıq edir.

"Məaric" surəsinin əsas diqqəti qiyamət və məaddır. Bu surə qiyamət gününü və kafirlər üçün hazırlanmış əzabları təsvir etmək istəyir; Bu səbəbdən də əvvəldən əzabdan danışmış və vurğulayır ki, bu əzab gələcəkdir. Heç bir şey də onun gəlməsinə mane ola bilməz; Bu əzab yaxındır və kafirlərin təsəvvür etdiyi qədər uzaq deyil. Sonra o günün xüsusiyyətlərindən və onlar üçün hazırlanmış əzabdan bəhs edir. Həmçinin dini və əməli vəzifələrini yerinə yetirən möminləri istisna edir.

Bildirilib ki, “Məaric” surəsi dörd hissədən ibarətdir; Birinci hissədə o, Peyğəmbərin (s) bəzi kəlamlarını inkar edən şəxsin tez bir zamanda cəzalandırılmasından bəhs edir; İkinci hissədə Qiyamət gününün xüsusiyyətləri, onun hazırlıqları və kafirlərin həmin günki vəziyyəti vəsf edilir; Üçüncü hissə yaxşı və pis insanların onları cənnət və ya cəhənnəmlik edən xüsusiyyətlərini təsvir edir. Dördüncü hissədə də müşriklərə, Allahı və Peyğəmbəri (s) inkar edənlərə xəbərdarlıq və hədələr yer alır. Sonda bir daha Qiyamət günü məsələsinə toxunulur.

Müsəlman təfsirçiləri bu surənin əvvəlində qeyd olunan sual verənlə bağlı belə hesab edirlər ki, bu ayələr Numan adlı şəxs haqqındadır. O, İslam Peyğəmbərinə (s) etiraz edərək deyir: Bizi tövhidə, peyğəmbərliyini qəbul etməyə cihada, həccə, oruca, namaza və zəkata dəvət etdin, biz də qəbul etdik. Amma sən bunlarla kifayətlənmədin və indi bir gənci bizə qəyyum təyin etdin. Bu vilayətin xəbəri sizdən idi, yoxsa Allahdan? Həzrət Peyğəmbər (s) ona bu əmrin Allah tərəfindən olduğunu bildirdikdə, həmin şəxs dedi: “Əgər bu əmr Allahdandırsa, Allahdan istəyirəm ki, başıma göydən bir daş göndərsin”. Bu zaman göydən başına bir daş düşdü və onu yerindəcə öldürdü və Peyğəmbərə (s) “Məaric” surəsinin ayələrinin bir hissəsi nazil oldu.

captcha