“İQNA”-nın "əl-Kəfil" saytına istinadən verdiyi məlumata görə, Abbasilərin müqəddəs ziyarətgahının Xəzinələr və Əlyazmalar şöbəsinin müdiri Nafi əl-Müsəvi bu barədə bildirib: "Muzey səfərin birinci günündən iyirminci gününə (səfər ayı) qədər, yəni İmam Hüseynin (ə) Ərbəin mərasimini qeyd etmək üçün Kərbəla şəhərinə zəvvarların ən çox axın etdiyi dövrdə 106 min ziyarətçini qəbul edib".
O əlavə edib: "Ziyarətçilərin sayılması prosesi muzeyin sərgi salonunun girişində quraşdırılmış kameralar vasitəsilə həyata keçirilib. Bu kameralar ziyarət müddətində gələnlərin sayını izləyir və dəqiq şəkildə qeydə alır, beləliklə ziyarətçilərin sayı ilə bağlı sənədləşdirilmiş statistikaya çatmaq mümkün olur".
O izah edib ki, ziyarətçilərin muzeyin sərgi zalında geniş iştirakı, onların tarixi əsərlər və muzeydəki xəzinələrlə tanış olmağa, habelə onların tarixi və mədəni dəyərini anlamağa olan maraqlarından xəbər verir.
Abbasilərin müqəddəs ziyarətgahı ilk addım olaraq, hicri-qəməri təqvimi ilə 1431-ci il Cəmadiyül-əvvəl ayının 15-də (miladi 2009-cu il), Həzrət Zeynəb Kübranın (s.ə) mövlud günündə muzey eksponatlarını nümayiş etdirmək üçün xüsusi bir zal açmışdır.
Daha sonra, 2014-cü ildə qiymətli əsərlər və əlyazmalar muzeyi təsis edilmişdir. Bu muzey çoxsaylı şöbə və bölmələri əhatə edir; o cümlədən muzey işləri üçün altı xüsusi bölmə, ofis, xəzinə, sənədlər, arxiv, muzey zalı, laboratoriya və muzeyin media şöbəsi fəaliyyət göstərir.
Abbasilərin müqəddəs ziyarətgahına tabe olan əl-Kəfil Xəzinələr və Əlyazmalar Muzeyi, İslam incəsənətinin mədəni kimliyi qorumaq üçün bir yaddaş və tarix, arxeologiya, mədəni irs və muzeyşünaslıq sahələrində akademik tədqiqatlar üçün etibarlı bir mənbə kimi əhəmiyyətini vurğulayır.
4368175