IQNA

20:18 - August 11, 2026
Xəbər sayı: 3500941

Əl-Əzhərin iclasında Quran mətninin toxunulmazlığı vurğulandı

İQNA – Əl-Əzhərin İslam Araşdırmaları Akademiyası "Şübhələr və cavablar" adlı silsilə iclasların üçüncüsünü keçirərək, İslamın ilk dövrlərində Quranın toplanması və yazılması prosesində ayələrin itirilməsi və ya ona qeyri-mötəbər mətnlərin əlavə olunması barədə iddiaları rədd edib.

“İQNA”-nın "Masrawy"a istinadən verdiyi məlumata görə, Əl-Əzhərin İslam Araşdırmaları Akademiyasında keçirilən bu iclasda Quranın toplanması mövzusu müzakirə olunub və bununla bağlı yanlış təsəvvürlərə cavab verilib.

İclasda Tanta Quran fakültəsinin keçmiş dekanı Sami Əbdülfəttah Hilal və Əl-Əzhərin İslam Araşdırmaları Akademiyasının Ali Təbliğ Komitəsinin baş katibinin müavini Həsən Yəhya iştirak ediblər.

Sami Əbdülfəttah Hilal tədbirdəki çıxışında vurğulayıb ki, bəzi qərb müəllifləri tərəfindən təbliğ olunan və Quranın toplanması ilə bağlı yanlış təsəvvürlər, Quranın tarixi haqqında qeyri-müəyyənlik və onun toplanmasının gecikməsi iddialarına köklənib. O bildirib ki, bu iddiaların heç bir etibarlı tarixi faktla əsası yoxdur.

O izah edib ki, bəzi müstəşriqlər (şərqşünaslar) ayələrin Peyğəmbərin (s) nəzarəti altında yazılmadığını və toplanma prosesinin onun vəfatından sonra baş verdiyini iddia edirlər; lakin bu iddialar Quran ayələrini nazil olan kimi qeyd edən vəhy katiblərinin rolunu görməzdən gəlir.

Sami Əbdülfəttah Hilal vurğulayıb ki, Qurani-Kərim həm möminlərin qəlbində, həm də yazılı şəkildə qorunub saxlanılıb və bu məsələ mətnin dəqiqliyini və doğruluğunu zəmanət altına alır.

O deyib: "Əbu Bəkr Xilafəti dövründə Quranın toplanması, bir sıra Quran qarilərinin şəhadətindən sonra yaranan təcili ehtiyaca cavab idi. Bu Quran, Peyğəmbərin (s) həyatı boyu yazılanlar və səhabələrin qəlblərində qorunanlar əsasında etibarlı əlyazma nüsxələrində toplanmışdır; bu proses səhih tarixi rəvayətlərdə təsdiq olunub".

Sami Hilal həmçinin Cəbrayıl (ə) mələyinin Quranın Peyğəmbərə (s) nazil olmasındakı roluna işarə edərək bildirib ki, bugünkü Quran, Cəbrayıl tərəfindən Peyğəmbərə (s) çatdırılan sonuncu mətnlə tam şəkildə uyğundur.

Hilal sonda vurğulayıb ki, Osman ibn Əffanın xilafəti dövründə Quranın yazılışının vahid hala gətirilməsi müsəlman cəmiyyətinin birliyini qorumaq məqsədi daşıyırdı və bu nüsxələr Peyğəmbərin (s) zövcəsi Həfsənin yanında olan orijinal səhifələrdən köçürülmüşdü.

Həsən Yəhya isə öz növbəsində vurğulayıb ki, Quranın toplanması ilə bağlı mötəbər rəvayətlər yüksək səviyyədə dəqiqliyi və diqqəti göstərir; səhabələr yalnız yaddaşa güvənmirdilər, əksinə yazılı mətnləri insanların qəlblərində qorunanlarla müqayisə edirdilər.

O izah edib ki, Osmanın dövründə Quranın toplanması müsəlmanların birliyini qorumaq və qiraətlərdə ixtilafın qarşısını almaq üçün həyata keçirilib. O, bu addımın yazılı nüsxələrin vahidləşdirilməsinə kömək etdiyini və bunun Quranın öz mətnindəki hansısa çatışmazlığı aradan qaldırmaq üçün edilmədiyini qeyd edib.

Həsən Yəhya sonda vurğulayıb ki, Quranın bir hissəsinin itməsi ilə bağlı iddiaların heç bir dəlili yoxdur. Quranın tarixi, hərtərəfli qorunma və köçürmə sistemini üzə çıxarır və sübut olunmuş faktlarla yanlış təsəvvürləri bir-birindən ayırmaq üçün mötəbər mənbələrə müraciət etməyin zəruriliyini vurğulayır.

4369176

Teqlər: əl-əzhər ، quran ، iclas ، İslam
captcha