İQNA – Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən 46-cı Beynəlxalq Quran Müsabiqəsinin ikinci günündə 28 ölkədən 33 kişi və qadın iştirakçı bir-biri ilə yarışıb.
"İQNA"-nın Səudiyyə Ərəbistanının xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad Nazirliyinin təşəbbüsü ilə Məkkədə keçirilən müsabiqənin final mərhələsi davam edir və müxtəlif ölkələrdən gəlmiş kişi və qadın iştirakçıların iştirakı ilə müşayiət olunur.
Qadın və kişi münsiflər heyəti tədbirin ikinci günündə 28 ölkədən olan 33 kişi və qadın iştirakçının tilavətini qiymətləndirib.
Səhər və axşam olmaqla iki növbədə keçirilən münsiflər heyətinin iclaslarında Məscidül-Həramın həyətində 17 nəfər kişi, müsabiqənin keçirildiyi məkanda isə 16 qadın iştirakçı çıxış edib. Bununla da birinci və ikinci gün münsiflər heyəti tərəfindən dinlənilən tilavətlərin ümumi sayı 40-dan çox ölkədən 66 nəfərə çatıb.
Tədbir gələn cümə axşamına (20 avqust 2026) müsabiqə təqviminə görə iştirakçıların Səudiyyə Ərəbistanını tərk edəcəyi günə qədər davam edəcək. Quran elmləri, qiraət və tilavət qaydaları üzrə ekspertlərdən ibarət qadın və kişi münsiflər heyəti, dəqiqliyi və ədaləti təmin edən elektron qiymətləndirmə sistemi vasitəsilə qari və hafizlərin çıxışlarını dəyərləndirir.
Budəfəki müsabiqədə 133 ölkədən 334 kişi və qadın beş kateqoriya üzrə yarışır. Bu kateqoriyalara "Şatibiyyə" üsulu ilə yeddi qiraəti (qiraəti-səbəə) mənimsəməklə Quranın tam hifzi, Quranın tam hifzi ilə birlikdə sözlərin mənaları və düzgün təcvidlə oxunması, ardıcıl 15 cüzün hifzi və ardıcıl 5 cüzün düzgün təcvidlə hifzi daxildir.
Avqustun 6-da başlayan tədbirin məqsədi müsəlman gəncləri Quranı əzbərləməyə və dərk etməyə, ayələr üzərində düşünməyə təşviq etmək və ədalətli rəqabət mühiti yaratmaqdır.
133 ölkədən 334 iştirakçının qatıldığı bu müsabiqə yarandığı gündən bəri ən çox iştirakçı sayına çatıb. Müsabiqənin ümumi mükafat fondu 10 260 000 Səudiyyə rialı təşkil edir ki, bu da müsabiqənin tarix boyu ən yüksək məbləğdir.
4368987