"İQNA"-nın verdiyi məlumata əsasən, son yüz ildə Qurani-Kərimin İstanbul türkcəsinə 90-a yaxın tərcüməsi Türkiyədə çap olunub. Bunun da 70-ə yaxını 1950-ci ildən sonraya, yəni altmış il əvvələ, qalanları isə 1900-1950-ci illərə aiddir.
Bu tərcümələrin əksəriyyəti keçmişdə, xüsusən də Osmanlı dövründə mövcud olmuş sözbəsöz tərcümələrdən daha təkmil bir üsula malikdir. Osmanlı dövrünə aid qalan kitab və əlyazmaların hesabatına görə, sözbəsöz (hərfi mənada) 30-a yaxın tərcümə edilmişdir.
Bütün köhnə və yeni tərcümələrdə mövcud olan ən mühüm problem Quranın tərcüməsində Əhli-beyt (ə) maarifindən və şiə mənbələrindən istifadə edilməməsidir. Türk tərcüməçilərindən biri istisna olmaqla, onların heç biri şiə deyildi. Habelə şiə təfsir və mənbələrinə əlləri çatmırdı.
Çağdaş Türkiyənin görkəmli elm və ədəbi simalarından olan yeganə Ustad Əbdül-Bağı Gülpınarlı şiə idi. Şiə elmi mərkəzləri haqqında məlumatı az olduğundan və başqa dinlərin fikri məkanında olduğuna görə tərcüməsində Əhli-beyt (ə) təlimlərindən və şiə mənbələrindən az istifadə etmişdir. Ona görə də şiə təfsirlərindən və Əhli-beyt (ə) rəvayətlərindən istifadə edilən Quranın türk dilinə tərcüməsinə böyük ehtiyac var idi.
Höccətül-islam vəl-müslimin Mürtəza Turabi, tərcüməsində şiə təfsirlərindən, xüsusilə "Safi", "Şübbər" və "Məcməul-Bəyan" kimi kamil təfsirlərdən istifadə etməyə çalışmış Quranı İstanbul türkcəsinə tərcümə edənlərdən biridir. Buna əsasən, əgər ayənin tərcüməsində müxtəlif mənalar ifadə olunurdusa, Əhli-beyt (ə) rəvayətlərinə əsaslanan məna seçilirdi. Bundan əlavə, izahlı təfsirlər bölməsində şiə təlimləri və Əhli-beyt (ə) imamlarının sözləri nəzərə alınmışdır.
Bu tərcümənin başqa bir xüsusiyyəti də ona “Əhli-beyt (ə) nəzərindən Quran” başlığı ilə müqəddimənin yazılmasıdır. Orada Əhli-beyt (ə) ilə Quranın əlaqəsi, Quranın öyrədilməsi və öyrənilməsi, onun oxunuşu və ədəb-ərkanı, Quran möcüzələri, Quranın nazil olması və toplanması, Quranın tədrisi və öyrənilməsi, Quranın əhatəliyi və təhrifdən qorunması kimi müxtəlif mövzular vardır.