Qurani-Kərimin doxsan dördüncü surəsi “Şərh” və ya “İnşirah” adlanır. 8 ayədən ibarət bu surə Qurani-Kərimin 30-cu cüzündə yer alıb. Məkkə surələrindən olan “İnşirah” Peyğəmbərə (s) nazil olan on ikinci surədir.
“İnşirah” və “Şərh” genişləndirmək mənasındadır. Bu söz surənin birinci ayəsində gəlib. Peyğəmbərin (s) “Şərhi-Sədr”inə işarə edir ki, bu da Allahın onun qəlbində yerləşdirdiyi səbr deməkdir.
Bu surənin məqsədi İslam Peyğəmbərinə (s) təsəlli vermək və onu müqavimətə dəvət etməkdir. Bu səbəbdən Allah ona verdiyi böyük nemətləri xatırladır və çətinliklər üzərində qələbə xəbərini verir. Həmçinin ibadət və dua etməyi əmr edir.
Bu surə üç mövzuya işarə edir; Birincisi, Peyğəmbərə (s) üç növ nemətin verilməsi; İkincisi, İslam Peyğəmbərinə (s) İslama dəvət problemlərinin gələcəkdə həll olunacağına dair xəbərin verilməsi; Üçüncüsü, tək Allaha diqqət yetirmək, ibadətə və namaza təşviq etmək.
"İnşirah" surəsi Allahın İslam Peyğəmbərinə (s) üç böyük və xüsusi neməti ilə başlayır. Birincisi, “Şərhi-Sədr” ki, vəhyi qəbul etməyə və peyğəmbərlik vəzifələrini yerinə yetirməyə hazır olmaq, çətinliklər qarşısında səbirli olmaq və insanların əziyyətinə dözməkdir. Sonra peyğəmbərliyin ağır yükünü yüngülləşdirməyi və insanları doğru yola yönəltməyi qeyd edir. Allahın Peyğəmbərə verdiyi üçüncü nemət onun adını məşhur etməkdir. Məsələn, Allah azan, iqamə və namazın təşəhhüdündə İslam Peyğəmbərinin (s) adını öz adının yanında qoymuşdur.
Beşinci ayədə Peyğəmbərə (s) müjdə verilir. Çətinliyin ardınca asanlığın gəlməsi xəbəri: فَاِنَّ مَعَ العُسرِ یُسراً
Elə isə [bil ki] çətinliklə, asanlıq var” Sonrakı ayədə bu mətləb təkrarlanır.
Bir qrup təfsirçilər “əl-usr” sözünün məlum formada təkrar edilməsini onların eyni olmasına dəlil, “Yusr” sözünün məchul və naməlum şəkildə təkrar olunmasını isə onların fərqli olmasına dəlil hesab ediblər. Ayənin mənası budur ki, hər çətinliyə qarşı iki asanlıq vardır: Biri dünyada asanlıq, digəri də axirətdə asanlıq.
Nəhayət, Allah Peyğəmbərə (s) belə bir göstərişlə müraciət edir: "(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (namaz qıl, dua et)! (Axirət üçün çalış-vuruş!). Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl!)" (İnşirah, 7 və 8).