Allah Quran ayələrində onlarla dəfə “xəsis” olmaq sifətindən bəhs etmişdir. Allah bəzən bəzi insanlara ehtiyaclarından artıq olan nemətlər verir. Onlar bu neməti başqa insanlarla paylaşa bilirlər. Əgər bunu etməkdən imtina edərlərsə, buna xəsislik deyilir.
Allah bir çox ayələrdə bu çirkin davranışı pisləyi və bəzən buna görə cəhənnəm əzabını vəd edir: "Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!" (Ali-İmran, 180).
Belə günahların əsas səbəbi insanın Allaha imanının zəif olması və Allaha təvəkkülünün olmamasıdır. Əgər insan Allahı hər şeyə qadir hesab edirsə, bütün xeyir və nemətlərin əsas səbəbini yalnız Allahın varlığında düşünməlidir, başqa heç nədə yox.
Əgər kimsə bütün yaxşılıqların əsas səbəbkarının Allah olduğuna inanırsa, o zaman əta etməklə bağlı verdiyi vədlərə etibar etməli və bilməlidir ki, əgər pul xərcləsə və ya yaxşı işə vaxt ayırsa, Allah o pula və ya o zamana verdiyi bərəkətlə bunun əvəzini minlərlə dəfə ödəyəcək.
İmam Əli (ə) insanların xəsisliyinin səbəbini belə izah edir: "İnsanın malik olduğu şeylərə xəsislik etməsi, Allaha qarşı şübhə (Onun vədlərinə və hər şeyə qadir olmasına şübhə) ilə bağlıdır".
Xəsislik təkcə malla bağlı deyil. Bəzən elə insanlar olur ki, elm verməkdə xəsislik edirlər. Xəsisliyin bir növü də borcunu ödəməkdən boyun qaçırmaqdır. Bu tipdə insan hətta xums və zəkat verməkdən imtina edir! Xəsisliyin digər və ən qəribə növü də salam verməkdə xəsislik etməkdir. Peyğəmbər (s) bu haqda buyurur: “İnsanların ən xəsisi o kəsdir ki, salam verməkdə belə xəsislik edir!”. Bu xəsislik növlərindən birindən belə əziyyət çəkən insanın ictimai həyatda insanların gözündən düşməsi, tək qalmağa məhkum olması təbiidir.
Bu günahın ən qabarıq təsirlərindən və ictimai ölçülərindən biri də insanın tənhalığıdır. Çünki xəsis insan bütün yaxşılıqları özü üçün istəyir. Onu başqaları üçün arzulamır. Buunu daim göstərdiyi üçün cəmiyyətdə həmişə tək qalır. Çünki hamı xəsisdən onlara xeyir gəlməyəcəyini bilir və ondan uzaq qalırlar.
Bəlkə də buna görədir ki, İmam Əli (ə) bu haqda buyurur: "Xəsisin dostu olmaz".