Tərbiyəçi yetişdirmək yolunu kəsən maneələrdən biri də hər bir cəmiyyətin üzləşdiyi mövhumatlar, bidətlər və əsassız təqlidlərdir. Bu amillər insanların şüuruna və düşüncəsinə nüfuz etməklə haqqa və həqiqətə gedən yolu bağlayır, nəticədə haqq sözü onların qəlbinə təsir etmir.
Xurafat faydasız sözlər, əsassız fikirlər, aldadıcı məzmunlardır. Bidət, dində yenilik gətirməkdir. Dində bidət dində olmayanı dinə daxil etməkdir. Başqa sözlə dində bəzi şeyləri saxtalaşdırmaq deməkdir. Əlbəttə ki, bu, ən böyük günahlardandır.
Azğınlığa və mövhumata qarşı mübarizənin tərbiyəvi üsulu şəraitin yaxşılaşdırılması prinsipindən çıxarılan üsullardan biridir. Qurani-Kərim isə ən böyük və ən əhatəli tərbiyə kitabı olaraq, həyatın bütün göstərişlərini özündə cəmləşdirərək insanları islah etmək üçün bu üsuldan istifadə etmişdir. Bu tip tərbiyə üsullarında tərbiyəçinin vəzifəsi qorxmadan bidətin qarşısını almaqdır. Bu, Allahın ondan aldığı əhd-peymandır.
Peyğəmbərlər tez-tez bu üsuldan istifadə edirdilər. Onların xurafatlarla mübarizəsi Quranda öz əksini tapır. Məsələn, Həzrət İbrahim (ə) kafirlərin qarşısında səbir göstərərək bütün cəsarətlə buyurdu: "Allaha and olsun ki, siz olmadığınız zaman, mən sizin bütlərinizi məhv etmək üçün bir plan quracağam!" (Ənbiya, 57).
Həzrət Musa da bu üsuldan istifadə etmiş və onun səyləri bütpərəstliyi aradan qaldırmaq olmuşdur:
“Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!” (Əraf, 138).
Kor-koranə təqlid insanları öz peyğəmbərlərindən bütpərəstliyi təyid etməsini gözləməyə sövq edir. Bu insanlar Həzrət Musanın (ə) varlığı haqqında tövhiddən başqa bir şey eşitməsələr də, tövhidə dəvətdən başqa bir şey bilməsələr də, kor-koranə təqlid əsasında şirki qəbul etdilər və öz peyğəmbərlərinə bu şirki təsdiq etməyi təklif etdilər. Həzrət Musa (ə) bu nadan və ağılsız təklifdən çox əsəbiləşdi və üzünü onlara tutub dedi: "Siz cahil bir camaatsınız!".
Çünki bütpərəstliyin mənbəyi insanın cəhalətidir.
Həzrət Musa (ə) onlara deyir ki, siz daim cəhalət içində qərq olmuş bir qövmsunuz. (çünki "təchəlunə" indiki və gələcək zamana aid olan feildir və çox vaxt davamlılığa dəlalət edir).