Rəsulullahı (s) göndərmək möminlərə Allahın böyük bir nemətidir. Ali-İmran surəsi, 164-cü ayə: "Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər".
Uca Allahın bəşər tarixi boyu onlardan peyğəmbərlər seçib göndərməsi insanlara bəxş etdiyi ən böyük nemətlərdən biridir. Çünki peyğəmbərlər həmişə bəşəriyyətə bələdçi olmuş, onların maddi və mənəvi sahədə inkişaf və tərəqqisinə şərait yaratmışlar. Hər bir peyğəmbər bəşəriyyətə yeni üfüqlər açmış, yeniliklər gətirmiş, inananlara insancasına yaşamaq üçün doğru yolu göstərmişdir.
Allah Quranda göz, qulaq, ağıl, dostluq, həyat yoldaşı, övlad, sevgi, şəfqət və s. kimi yaratdığı və insanlara verdiyi nemətlərin hər birinin Allaha şükür etməyə səbəb olan nemətlər olduğunu bildirir.
Allahın verdiyi bu nemətlərdən danışarkən heç biri üçün minnət qoymaq sözünü işlətməmiş, sadəcə insanların bu ilahi nemətlərə baxaraq Allahın əsərlərini və onların dəyərini bilmələrini istəyirdi. Elçilərin göndərilməsinin bərəkəti o qədər böyükdür ki, Allah möminlərin bu nemətin böyüklüyünü anlamalarını istədi. Allahın insanlar arasından bir müdrik şəxsi seçməsi və onlara ilahi ayələri oxuması, onların nəfsini pisliklərdən təmizləməsi, qəlblərini Kitab və Hikmət nuru ilə işıqlandırması böyük nemətdir. Əgər bu nemət olmasaydı, insanlar bütün digər nemətləri hədər edər və onlardan lazım olduğu kimi faydalana bilməzdilər.
Bu nemət Allahın bütün digər nemətlərinə məna verən, bizi doğru yola yönəldən elmə, böyüklüyə, fəzilətə və sənətə ilahi dəvətidir. Hər kəsi doğru yola yönəldir. Əslində insan fəzilət, təqva və pak nəfs dərəcəsinə çata bilməsə, hər bir nemət onların başına bir bəla və tənəzzül mənbəyi olacaqdır.
Varlığın ən ali cövhəri insan ruhudur ki, o, ilahi peyğəmbərlərin hidayətinə tabe olmaqla kamala çata bilər. Həmçinin hər cür maddi və mənəvi nemətlərdən bəhrələnər. Özündə insan mahiyyəti tapa bilməyən, ancaq onu ört-basdır edib pisliyə üz tutanların bu dünyada nə faydası ola bilər? Həm dünyanı qarışdırdılar, həm də alovlandırdıqları odda özlərini yandırdılar.
Peyğəmbərlərin təlimlərinin mahiyyətini özündə ehtiva edən dünya ədəbiyyatı da minnət qoyula bilən və minnət kimi qəbul edilə bilən nemətlərdəndir.
Ustad Hüseyn Muhyiddin Qumşeinin “Quranla 365 gün söhbət” kitabından bir parçadır.
4119886