"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, 99-cu maddə “baş katib, öz fikrinə əsasən, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına təhlükə yarada biləcək istənilən məsələni Təhlükəsizlik Şurasının diqqətinə çatdıra bilər” müddəasını ehtiva edir.
İsrailin Qəzza zolağına hücumları 61-ci gündür davam edərkən, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ixtiyarında olan ən güclü diplomatik vasitə hesab edilən vasitəyə əl atıb.
Quterreşin sözçüsü Stefan Düjarrik açıqlamasında Quterreşin 2017-ci il yanvarın 1-də BMT-nin baş katibi vəzifəsinə gəlişindən sonra ilk dəfə bu maddəni aktivləşdirdiyini bildirib. Həmçinin Quterreşin bu addımı can itkisinin qısa müddətdə inanılmaz səviyyələrə çatması səbəbindən atdığını açıqlayıb.
Quterreşin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda deyilir: “Biz humanitar sistemin dağılması ilə bağlı ciddi risklə üzləşmişik. Nəyin bahasına olursa olsun belə bir nəticənin qarşısını almaq lazımdır. Beynəlxalq ictimaiyyət gərginliyin daha da artmasının qarşısını almaq və bu böhrana son qoymaq üçün bütün nüfuzundan istifadə etməyə borcludur. Mən humanitar atəşkəs çağırışımı təkrar edirəm. Bu təcili yardımdır. İsrail-Fələstin münaqişəsinin nəticələrinin fələstinlilərə və bütün bölgənin sülh və təhlükəsizliyinə geri dönməz təsirləri olacaq. Mülki əhali daha böyük zərərdən qorunmalıdır".
Bu məktuba reaksiya verən İsrailin xarici işlər naziri Eli Koen BMT-nin baş katibi Antonio Quterreşin Qəzzada müharibənin dayandırılması ilə bağlı Təhlükəsizlik Şurasına yazdığı məktubdan son dərəcə qəzəbləndiyini bildirib.
O, cümə axşamı, dekabrın 7-də səhər X, sosial şəbəkəsində aşağıdakıları yerləşdirdi: "Baş katib Quterreş dünya sülhü üçün təhlükədir. Onun Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 99-cu maddəsinin aktivləşdirilməsi tələbi və Qəzzada atəşkəs tələb etməsi terror təşkilatı HƏMAS-a dəstəkdir".
4186413