IQNA

Quranda özünü kontrol etmək / 1

Quranda özünü idarə etmə anlayışı

16:52 - January 15, 2024
Xəbər sayı: 3495302
İQNA – İnsanın mənəvi və ruhi kamilləşməsi üçün çoxlu göstərişləri olan Qurani-Kərimdə nəfsin güclənməsinə və ya zəifləməsinə səbəb olan hərəkət və davranışlara işarə edilmişdir. Əgər insan özünü kontrol etməyin zəiflik amillərindən xəbərdar olarsa, onun təsirlərinin də qarşısını ala bilər.

İnsanların xüsusi xüsusiyyətlərindən biri özünü kontrol etməkdir ki, bu da əslində bir növ özünü idarə etməkdir. Özünə nəzarət başqasının birbaşa müdaxiləsi və rəhbərliyi olmadan ağlabatan (rasional) tələbi yerinə yetirmək, davranışı vəziyyətə uyğun tənzimləmək (seçmək), sosial olaraq qəbul edilmiş çərçivədə şəxsi arzunun təmin edilməsini gecikdirmək qabiliyyəti kimi müəyyən edilir. Dini təlimlərə görə, bəzən günahı tərk etməklə, bəzən də dini vəzifələri yerinə yetirməklə özünü idarə etmək olar və bunun nəticəsi təqvadır. Bəzən emosional (daxili) sıxıntılara və həyat problemlərinə qarşı mübarizədə, bəzən də səbir və həlimlik tələb edən ictimai birgəyaşayışda (həyatda) özünü göstərir.

Quranda nəfsdən bəhs edən ayələrin çoxu nəfs və qəlblə bağlıdır; Öz hərəkətləri və rəftarlarında diqqətli olmalı və səhvə yol verməmək üçün həmişə özünü idarə etməli olan nəfsdir. Nəfsi idarə etməməyin nəticələri insanın özünə də təsir edər: “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz” (Ənam, 164). Ümumiyyətlə, hər bir çirkin hərəkət edən insan, özü onun ağır yükünü daşıyar.

Qurani-Kərimdə 11 anddan bəhs edilərək, yaxşı və pis işlərə meyl etmək və onları tanımaq insanın fitrətində yerləşdiyi bildirilir: “And olsun nəfsə (insana) və onu yaradana (ona biçim verənə). Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,” (Şəms, 7-8). Odur ki, kimsə təbiətin bu təlimləri əsasında hərəkət etməyi bacarırsa və nəfsini idarə edərək özünü pak saxlayıb, inkişaf edə bilirsə, mütləq səadətə çatmışdır. Digər tərəfdən, pisliklərə qarşı özünü saxlaya bilməsə və nəfsi çirklənsə, şübhəsiz ki, Allahın rəhmətindən ümidini kəsər: Kim onu ​​təmizləsə, mütləq nicat tapacaq, kim onu ​​çirkləndirsə, şübhəsiz ki, ziyana uğrayacaq” (Şəms, 9-10).

Özünə nəzarət emosiyaları idarə etmək və kontrol etmək, tələblər və ya kritik vəziyyətlər qarşısında sakitliyi saxlamaq bacarığıdır. Özünə nəzarət emosiyaları boğmaq deyil, emosiyaların ifadə üsuludur; Yəni, necə reaksiya verməyi və hisslərimizi ifadə etməyi seçdiyimizdən bəhs edir. Özünə nəzarəti zəif olan insanlar üsyankar meyllər və istəklərə qarşı dura bilmirlər və nəticədə onların ağılı nəfsi istəklərin əsiri olur; Elə bir şəkildə ki, ən aşkar məsələləri belə tanıya bilmir və ömür boyu cəzası olan işlər görürlər. Əmirəl-möminənin (ə) kəlamına görə, “Nə çox ağıl var ki, ona hakim olan nəfsani istəklərin əsiridir” (Nəhcül-bəlağə, hikmət 211).

Qurani-Kərim buyurur: “(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünki alimlə cahilin məsuliyyəti eyni ola bilməz!)” (Casiyə, 23).

captcha