IQNA

Quranda özünü kontrol etmək / 2

İslami dəyərlər və özünə nəzarətin gücləndirilməsi

17:40 - January 16, 2024
Xəbər sayı: 3495307
İQNA – Qurani-Kərim bəzi əqidələri bəyan edərək nəfsi idarə etmə və nəfsə nəzarət etməyin zəruriliyini vurğulamışdır. Başqalarının nöqsanlarına və səhvlərinə diqqət yetirməkdənsə, özünün və ailəsinin davranışlarına diqqət yetirmək tövsiyə olunur.

Möminin nəfsi onun hidayət yoludur, onu səadətinə çatdıran yoldur. Əslində, nəfs həmin məxluqdur ki, insan onun tərəfindən və ya onun vasitəsi ilə məhrum olur və ya səadətə çatır. Qurani-Kərim “Əleykum ənfüsəkum” və “Qu ənfusəkum” kimi bəzi ibarətlərlə nəfsə nəzarət etməyi və onu kontrol etməyin vacibliyini tövsiyə etmişdir.

Qurani-Kərim buyurur: “Ey iman gətirənlər, özünüzə diqqət edin. Siz doğru yola yönəldiyiniz zaman azmış şəxs sizə heç bir zərər yetirə bilməz” (Maidə, 105). Bu ayəyə əsasən, möminlər özlərinin qayğısına qalmalı və başqalarının azğınlığından qorxmamalıdırlar. Bilsinlər ki, zəlalətə düşənlərin hesabı Rəbbinin yanındadır və insanlar onu tərk etsələr də haqq haqqdır, başqaları onu iki əli ilə götürsələr belə, batil batildir.

İnsan başqalarının eyiblərini axtararsa, öz eyiblərini görə bilməz. Bu ayə də möminlərin özlərini unutmasını qadağan edir; çünki başqalarının zəlalətə düşməsi insanı nəfsi idarə etməkdən və hidayət əldə etməkdən zəiflətməməlidir. Həmçinin əgər insan nəfsini islah etməmişdən əvvəl başqası ilə məşğul olsa, bu, onların fəsadına səbəb ola bilər; amma əgər özünü islah etməyə çalışarsa, başqalarının azğınlığı ona zərər verməz. Necə ki, rəvayətdə gəlib: “Özünü islah et və insanların səhvini axtarma; Çünki əgər özün əməlisaleh olsan, insanların azğınlığı sənə zərər verməz” (“Təfsir Qummi”, 1-ci cild, səh.188).

Özünü və ailəsini idarə etmək və qorumaq üçün ikinci ibarət budur ki, Qurani-Kərim buyurur: “Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlar və daşlardan ibarət olan oddan qoruyun!” (Təhrim, 6). “Qu” bir şeyi ona zərər verən hər hansı təhlükədən qorumaq mənasını verən feldir.

İnsanın özü yanacağı olan odda tutulması ibarəti, yəni insan ancaq öz əməli ilə cəzalandırılır və Allah-Təala və ya başqa bir amil onu cəzalandırmır. Qiyamət günü insan öz əməlləri ilə üz-üzədir. Əgər onun əməli yaxşı olarsa, ətraf cənnətlə dolu olar, pis olarsa, ətrafını od tutar. Ona görə də mömin bəndə özünü bütün təhlükələrdən, o cümlədən nəfsinə uymaq və günah etmək təhlükəsindən qorumalıdır, əks halda, onun əməli onun üçün cəhənnəm atəşinin alovlanmasına səbəb olar.

captcha