"İQNA"-nın müxbirinin verdiyi məlumata görə, İnqilabın Ali Məqamlı Rəhbəri, bu gün səhər, may ayının 22-si, İranın 8-ci prezidenti şəhid Ayətullah Seyid İbrahim Rəisinin və onu müşayiət edən heyətin müqəddəs cənazələrinə milyonlarla şəhidsevər Tehran xalqının iştirakı ilə namaz qılıb.
Namazdan sonra İnqilabın Ali Məqamlı Rəhbəri şəhidlərin pak cənazələrinin yanına gələrək, "Fatihə" surəsini oxuyub və bu səmavi şəhidlərlə vidalaşıb.
Sonra xidmət yolu şəhidlərinin müqəddəs cənazəsi böyük izdihamla Azadi meydanına qədər təşyi (torpağa tapşırılmaq üçün yola salmaq) edilib.
Plana əsasən, yüksək rütbəli xarici nümayəndə heyətlərinin iştirakı ilə şəhidlərin anım mərasimi, bu axşam, mayın 22-si, çərşənbə günü, saat 16:00-da keçiriləcək. Həmçinin istiqanlı Cənubi Xorasan əyalətinin xalqının sevimli prezidentlə vida mərasimi 23 may cümə axşamı səhər saat 8:00-dan etibarən Bircənddə və şəhid Ayətullah Rəisinin müqəddəs cənazəsinin dəfn mərasimi günorta saatlarında müqəddəs Məşhəddə keçiriləcək.
Xatırlanır ki, İran İslam Cümhuriyyətinin 8-ci prezidenti Ayətullah Seyid İbrahim Rəisinin helikopteri bazar günü 19 may 2024-cü il “Qız qalası” bəndinin açılışından sonra “Təbriz neft emalı zavodunun keyfiyyətinin yüksəldilməsi” layihəsinin açılışına gedən yolda Vərziqan bölgəsində qəzaya uğrayıb. O, imamət və vilayətin səkkizinci parlayan ulduzunun (İmam Rzanın (ə)) mövlud gecəsində, Vəliyyi-fəqihin nümayəndəsi və Təbrizin cümə imamı Höccətül-İslam Seyid Məhəmməd Əli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Prezident Mühafizəsi Birliyinin komandiri Sərdar Seyid Mehdi Musəvi və bir sıra uçuş heyəti üzvləri birlikdə şəhid olub.
4217653