IQNA

Quranda həccin fəlsəfəsi / 2

Həccin əməllərinin sirri

17:04 - June 11, 2024
Xəbər sayı: 3496130
İQNA – Həcc insanın yaxınlarına, qürbətə deyil, ata yurduna, anasının qucağına qayıdışıdır. Adəm peyğəmbərdən (ə) İbrahim peyğəmbərə (ə), Həzrət Peyğəmbərdən (s) günümüzə qədər, bu gündən o son günə qədər nübüvvət yolunda addımlayan o danılmaz böyüklərin izi ilə getməkdir.

Qurani-Kərimdə ərəb dili materialından ən mükəmməl şəkildə istifadə edilmişdir. Veriləcək mesajın mahiyyətinin daha asan başa düşülməsinə töhfə vermək üçün möhkəm, mütəşabih, qissə, məsəl, təşbih və məcaz kimi bir çox ədəbi bədii və ifadə formalarına yer verilmişdir. Bu, həmsöhbətin anlama səviyyəsinə uyğun ayələrin çatdırılmasında, başa düşülməsində, qurulan dialoqun canlı qalmasında mühüm rol oynamışdır.
Həcc ibadətindən bəhs edən ayələrdə şüarlar (rəmz) şəklində ifadə forması ilə bu məsələ zirvəyə çatmışdır. Beləliklə, həcc mərasimindəki rəmzlər tənzimlənərək müəyyən edildi.
Həcc mənəvi və daxili təcrübədir. Digər ibadətlərdə olduğu kimi, burada da əsas olan onu rasionallaşdırmaq deyil, onu daxili məsələyə çevirməkdir. Çünki həcc ziyarətinin edildiyi yerlər və Məhəmməd Peyğəmbərin (s) və onun səhabələrinin yaşadığı yerlərin eyni olması və buraların “şəairullah” (Allahın qoyduğu işarələr) adlandırılması (Bəqərə, 158; Həcc, 32, 36) o zamanların mənəvi atmosferindən bəhrələnmək üçün zamanla səyahətə çıxmaq istəyi yaradır.
Həcc ziyarəti İbrahim peyğəmbərin, oğlu İsmayılın və həyat yoldaşı Hacərin mübarizələrinin xatirəsi ilə dərindən qarımışdır. Bu həqiqətə diqqət etməmək bir çox həcc anlayışlarının yanlış anlaşılmasına səbəb ola bilər. Bu səbəbdən həccdə təcəlli edən İbrahim rəmzlərini öyrənmək lazımdır.
Həcc şəxsi inkişaf məqsədi ilə edilən İlahi səfərdir. “Bəqərə” surəsinin 125-ci ayəsində buyurulur: “Sonra o evi insanların gəlib ziyarət etmələri üçün bir yer və əmin-amanlıq yeri etdik. İbrahimin yerindən özünüzə dua etmək üçün bir yer tapın. İbrahim və İsmayıla da göstəriş verdik: Evimi təvaf edənlər, ibadət edənlər, rüku və səcdə edənlər üçün təmiz saxlayın”.
Ayədə bildirilir ki, həcc ziyarəti Həzrət İbrahim (ə), oğlu İsmayıl (ə) və həyat yoldaşı Hacərin mübarizələrinin xatirələri ilə dərindən qarışmışdır. Bunu dərk etməmək, çaşqınlığa səbəb ola bilər. Məsələn, Minada qurban kəsilərkən, bunun necə ibadət sayıla biləcəyini düşünmək olar. Lakin bu ibadətin fəlsəfəsini Həzrət İbrahimin (ə) Allahın əmri ilə oğlunu qurban kəsməyə cəhd etdiyini və sonralar Minada qurban kəsməyin ənənə halını aldığını öyrəndikdən sonra anlayacağıq. Qurban Allah yolunda hər şeydən əl çəkməyin sirri, qurbanlıq qəlbi Allahdan başqa hər şeydən boşaltmağın təcəllisidir. İnsan bu ritualdan yetərincə bəhrələnəndə lazımi tərbiyəni alır və insan oğlunun ruhunda nur saçar.
Başqa bir nümunə, xalq arasında şeytanın daşlanması(Remyi-cəmərə)  kimi tanınan bu hadisə, Allahın əmrini yerinə yetirməsinə mane olmaq istəyən şeytanın Həzrət İbrahim (ə) tərəfindən Minada daşqalaq edilməsinə əsaslanır. Buraya atılan daşlar sözün əsl mənasında bu hadisəni canlandırır və daim insanları günaha sövq etmək üçün fürsət gözləyən şeytana müqaviməti təmsil edir.
Zəvvarlar Məkkənin şərqində yerləşən Mina şəhərində Cəmarət adlı üç sütuna daş atırlar.
Burada edilən bu əməldə insan öz pis istəklərini daşladığını düşünməli və Həzrət İbrahim (ə) kimi mövqe tutmağa çalışmalıdır. Çünki şeytan buradadır. O, İbrahimin qəlbində vəsvəsə etdi ki, onu azdırsın və yerinə yetirdiyi həcc ziyarətində onu şübhəyə salsın. Həzrət İbrahim (ə) də Allahın izni ilə onu daşqalaq etdi. Eləcə də bizi Allahdan uzaqlaşdıra biləcək hər cür vəsvəsələrə qarşı ibrahimi səmimiyyətlə cəmarata daş atmaq lazımdır.
Səfa və Mərvə səyinə nəzər saldıqda görərik ki, zəvvarlar nə üçün yeddi dövrə tamamlanana qədər iki kiçik təpə arasında növbə ilə Səfadan Mərvəyə gedirlər və Mərvədən Səfaya qayıdırlar? Həzrət İbrahimin (ə) həyat yoldaşı Hacər oğlu İsmayıla su axtarmaq üçün bu iki təpənin arasında qaçır. Allah ona möcüzəvi zəmzəm suyunu verənə qədər yeddi dəfə bir təpədən o biri təpəyə su axtarıb getdiyini xatırladıqda Hacərin ana şəfqəti ilə ətrafda qaçdığını görürük. Bu, Hacərin xatirəsini canlandırmaq, onunla eyni yolda olduğunu dərk etmək, Allahın rizasını qazanmaq üçün edilən bir yürüşdür. Həmçinin Allah yolunda səy göstərmədən məqsədə çata bilməyəcəyimizi xatırladır.
Həcc ziyarətini bu sirlərlə öyrətməklə, İbrahim peyğəmbər (ə), oğlu İsmayıl (ə) və həyat yoldaşı Hacərin xatirələrini mərhələ-mərhələ müəyyənləşdirməklə belə nəticəyə gəlmək olar ki, zəvvarlar hər bir ibadətin arxasında duran fəlsəfəni və onun dərin əxlaqi nəticələrini dərk etməlidirlər.
Bununla həm onun fəlsəfəsi dərk olunacaq, həm də həccin dərin əxlaqi təsirləri zəvvarların ruhunda öz əksini tapacaq.

captcha