Azər, Tarəh yaxud Tarəx oğlu Xəlil və ya Xəlilur-Rəhman ləqəbli İbrahim, Nuhdan sonra ikinci ulul-əzm peyğəmbəridir. Oğlu İsmail vasitəsilə ərəblərin böyük əcdadı və digər oğlu İshaq vasitəsilə Bəni-İsrailin əcdadıdır. Tövhid dinlərinin peyğəmbərləri İbrahimin övladları sayılırlar (Ənam, 84-86). Bu səbəbdən ona Əbul-ənbiya (peyğəmbərlərin atası) ləqəbi verilmişdir. Üç ilahi və tövhid dini İbrahimə aid edilir və buna görə də İbrahim dinləri adlanır.
Anasının adı "Omliyə" və ya "Yuna" və ya "Əvşa" idi. O, eramızdan əvvəl 1990-2000-ci illərdə anadan olub. Əksər tədqiqatçılar Şuş və ya Babil və Hərran məntəqəsini İbrahimin doğulduğu yer hesab edirlər. Yəhudi xristian ənənəsində onun adı Abraham və İbram olaraq tələffüz olunur.
İbrahim (ə) Kəbənin və tövhid dinlərində qorunub saxlanılan bir çox ənənələrin banisidir. Qurani-Kərimin on dördüncü surəsi onun adını daşıyır, Quranın iyirmi beş surəsi isə İbrahimə və onun rəftar və danışığına işarə edir. “Məryəm” surəsində İbrahimlə atası arasındakı mübahisədən bəhs edilir. “Ənam” surəsinin 74-cü ayəsində o, atası Azərin bütpərəstliyi ilə qəti şəkildə müxalif olduğu, lakin atasının İbrahimin doğru yola çağırışına cavab olaraq onu hədələdiyi və oradan uzaqlaşdığı bildirilir. Dəfələrlə mübahisə etdikdən sonra Azər nəhayət İbrahimə (ə) iman gətirəcəyinə söz verdi. Bu səbəbdən İbrahim (ə) də atasına söz vermişdi ki, əgər iman gətirsə, Allahdan onun üçün bağışlanma diləyəcək. Lakin Azər iman gətirməyəndə İbrahim (ə) ondan uzaqlaşdı. "Ənam" surəsinin 76-dan 79-a qədər olan ayələrində də onun ulduzlara diqqət yetirməklə xalis tövhidə çatmaq yolundan bəhs edilir. “Bəqərə” surəsinin 260-cı ayəsində İbrahimin (ə) “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər” deməsi qeyd olunur. Allah soruşdu ki, sənin inancın yoxdur? Dedi ki, var, ammaürəyim xatircəm olmaq istəyir.
Onun həyatında və mənəvi davranışındakı iki mühüm hadisə Quranda qeyd olunur. Əvvəlcə onunla həmişə vuruşan və mübahisə edən Nəmrud nəhayət onu oda atır, lakin od onun üçün “Gülüstan” olur (Bəqərə, 258, Ənbiya, 68-69, Ənkəbut, 24, Saffat, 97-98). İkincisi, oğlu İsmaili Allah yolunda qurban kəsməsi ilə bağlı ilahi əmr aldığı həqiqi yuxudur. O, oğlu ilə birlikdə ilahi hökmə boyun əyir, lakin uşağı qurban verməzdən bir qədər əvvəl Allah ondan qurbanı qəbul edir, övladını azad edir və İbrahim (ə) ilahi imtahandan qürurla çıxır (Saffat, 101-107).
İbrahim (ə) və onun dininə dəfələrlə Hənif deyilir. Quran Peyğəmbərin (s) İslam dini ilə İbrahim peyğəmbərin mənəvi və dərin əlaqəsini (Ali-İmran/68, Həcc/78) qeyd etmişdir. Allah-taala buyurur ki, yerin və göylərin səltənətini İbrahimə (ə) göstərmişdir (Ənam, 75). Həzrət İbrahim (ə) tövhid dinlərində çox hörmətlidir. İbrahim (ə) və onun dini müxtəlif xalqlar arasında çox tanınır və İbn Hişama görə o, İslamdan əvvəl ərəblər arasında o qədər məşhur idi ki, onun surətini və ya heykəlini Kəbəyə qoydular. Necə ki, Peyğəmbər (s) Məkkənin fəthində Kəbəyə daxil oldu, İbrahim və İsmailin bütləri orada idi və onları sındırmağı əmr etdi. İbrahimin (ə) ömrünü 175 ildən 200 ilə qədər yazmışlar. Onun qəbri indiki Fələstində Əl-Xəlil şəhərindədir.