İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər Birliyinin Katibliyinin rəsmi internet səhifəsində yayımlanan açıqlamada, Almaniya hökumətinin Hamburq İslam Mərkəzi və ona bağlı qurumların bağlanması qərarına dair narahatlıqlar ifadə edilib və bu addım qınanıb.
Açıqlamada, Almaniyada yaşayan müsəlman azlığa mədəni və mənəvi xidmətlər göstərən bu mərkəzlərin bağlanmasının, xüsusilə din və inanc azadlığı olmaqla, insan hüquqları prinsiplərinə zidd olduğu vurğulanıb.
Bundan əlavə, İƏT Parlamentlər Birliyinin bu cür tədbirlərin insan hüquqları prinsiplərinə zidd olduğunu düşündüyü və əsas azadlıqların qorunmasının vacibliyini qeyd etdiyi bildirilib.
Həmçinin, bu kimi tədbirlərin gərginliyin artmasına, nifrətin, islamofobiyanın və müsəlmanlara qarşı zorakılığın təşviq olunmasına səbəb ola biləcəyi, müxtəlif dinlərin nümayəndələri arasında sülh içində birgəyaşayışa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq da edilib.
İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi, dünya üzrə müsəlman azlıqların hüquqlarını dəstəkləməkdə davam edir və Almaniya rəsmilərinə müsəlmanların hisslərini incitən bu qərarların yenidən nəzərdən keçirilməsi və ləğv olunması çağırışını edib.