Səudiyyə qəzetlərinin əl-Menatiq internet saytında yayılan xəbərə görə, yarışmanın qalibləri üçün mükafatlandırma mərasimi 21 Avqust Çərşənbə günü Məkkədə keçirildi.
Mərasim bəzi yarış iştirakçılarının Quran tilavəti ilə başladı. Daha sonra bu beynəlxalq Quran-ı Kərim tədbirinin son illərdəki inkişafını göstərən bir video klip nümayiş olundu.
Birinci kateqoriyada yeddi qiraət üzrə səs və ləhn müşayiəti ilə bütün Quranı əzbərdən oxumaq üzrə Səudiyyə Ərəbistanı, Nigeriya və İordaniya təmsilçiləri ilk üçlükdə yer aldı. Onlar müvafiq olaraq 500, 450 və 400 min Səudiyyə rialı məbləğində pul mükafatı qazandılar.
İkinci kateqoriyada ləhn, təcvid və təfsir müşayiəti ilə bütün Quranı əzbərdən oxumaq üzrə Səudiyyə Ərəbistanı birinci, Nigeriya ikinci, Cəzayir təmsilçisi isə üçüncü oldu və müvafiq olaraq 300, 275 və 250 min Səudiyyə rialı məbləğində hədiyyə aldılar.
Üçüncü kateqoriyada səs və ləhn müşayiəti ilə bütün Quranı əzbərdən oxumaqda Banqladeş birinci, Filippin ikinci və Liviya üçüncü oldu.
Dördüncü kateqoriya olan 15 cüz əzbərində isə Banqladeş, Filippin və İndoneziya təmsilçiləri ilk üçlükdə yer aldılar. Bu kateqoriyada Mali və ABŞ-dan gələn hafizlər dördüncü və beşinci oldular.
Bu Quran tədbirinin final mərhələsində 123 ölkədən ümumilikdə 173 iştirakçı iştirak etdi. Yarışma 9-21 Avqust tarixləri arasında keçirildi.
Bu yarışmalar yeni nəslin Quran ayələrini əzbərləməsi, ayələr üzərində düşünməsi və onlara uyğun əməl etməsi məqsədilə təşkil edildi.
Həmçinin dünya ölkələrindəki Quran hafizləri arasında rəqabət ruhunu canlandırmaq və Vəhy Kəlamı ilə bağ qurmağı təmin etmək məqsədi ilə keçirildi.