IQNA

Həzrət Zəhranın (s) həyatına bir baxış 3

Peyğəmbərin (s) vəfatından sonra Həzrət Zəhranın (s) həyatı

7:34 - December 14, 2024
Xəbər sayı: 3497241
İQNA - Əli (ə) və Fatimənin (s) keçirdiyi şirin həyatlarına baxmayaraq, Fatimənin (s) həyatının son bir neçə ayında heç kim onu gülərüz görmədi.

Həzrət Fatimənin (s) Peyğəmbərin (s) vəfatından sonra başına gələn hadisələr onun son aylarını ağrılı və acılı keçirməsinə səbəb oldu. Tarixi mənbələrə görə, bu dövrdə üzləşdiyi çətinliklər o qədər ağır idi ki, heç kim onun üzündə gülüş görmədi.

Bu dərd və əziyyətlərin şahidi olaraq bizə gəlib çatan Fədək xütbəsi, Fatimənin (s) Peyğəmbərdən (s) sonra yaşadığı ağrılı hadisələri açıq şəkildə təsvir edir. Peyğəmbərin (s) vəfatı, Səqifə hadisəsi, xilafət məsələsi və Fədəkin müsadirə edilməsi onun kədər və hüzn dolu günlərinin əsas səbəbləri idi.

Fatimə (s) və Əli (ə) Səqifə Şurasında qəbul edilmiş qərarlara qarşı çıxaraq xilafətə müxalif oldular və bu səbəbdən təhdidlərə məruz qaldılar. Əli (ə) və Fatimənin (s) xəlifəyə beyət etməməsi, bəzi tərəfdarlarının Fatimənin (s) evində toplanması onların evinə hücuma səbəb oldu. Bu hücum zamanı Həzrət Əlini (ə) zorla beyətə aparmaq istəyənlərə mane olarkən Fatimə (s) yaralandı və uşağıni itirdi. Bu hadisədən sonra Fatimə (s) yataq xəstəsi oldu və qısa müddət sonra şəhid oldu.

Fatimə (s) Əliyə (ə) vəsiyyət edərək onun dəfn mərasimində müxaliflərinin iştirak etməməsini və gecə vaxtı dəfn edilməsini istədi. Məşhur rəvayətə görə, Fatimə (s) hicri 11-ci ilin Cəmadiüssani ayının 3-də Mədinədə şəhid oldu. Ən məşhur rəvayət onun yaşının 18 olduğunu göstərsə də, İmam Baqirdən (ə) gələn rəvayətə əsasən onun yaşı 23 olaraq qeyd edilmişdir.

captcha