IQNA

İlahi mesaj: Xəyanətlə məqsədə çatmağa çalışmayaq

23:24 - December 20, 2024
Xəbər sayı: 3497280
İQNA - Əmanətə xəyanət etməklə heç bir şeyə nail olunmaz. Xəyanət insanın dünya və axirətinə zərər vurur. Dünyada insanın etibarının əlindən getməsinə və axirətdə də bədbəxçiliyinə səbəb olur.

Mütəal Allah bəşəri hidayət etmək üçün səmavi kitablar göndərib. Onların sonuncusu Qurandır. Allah-taala digər səmavi kitablarda olduğu kimi Quranda da bəndələrinə bir çox mesajlar verir. Bizim vəzifəmiz odur ki, ayələrdəki bu ilahi mesajları anlayıb və həyatımızda icra edək.

O ilahi mesajlardan biri də budur ki, heç bir halda xəyanətkarlıqla məqsədimizə çatmağa çalışmamalıyıq. Çünki varlığın yaradıcısı və idarəedicisi olan Allah, xainlərin hiyləsini məqsədə çatdırmaz.  Necə ki, "Yusif" surəsində buyurulur:

« ذَٰلِكَ لِيَعْلَمَ أَنِّي لَمْ أَخُنْهُ بِالْغَيْبِ وَأَنَّ اللَّهَ لَا يَهْدِي كَيْدَ الْخَائِنِينَ»

"(Yusif sözlərinin davamında dedi:) Bu, (qadınların çağırtdırılmaları və onlardan sorğu-sual edilməsi təklifi Misir valisi Əzizin) mənim o olmayanda ona əsla xəyanət etmədiyimi bilməsi üçündür. [Və ya: (Əzizin zövcəsi dedi:) (Mənim) bu (etirafım Yusuf) mənim o olmayanda (sorğu-sual məclisində) ona xəyanət etmədiyimi bilməsi üçündür.] Şübhəsiz, Allah xainlərin hiyləsini məqsədə çatdırmaz!" (Yusif, 52).

Əllamə Təbatəbai bu ayənin təfsirində deyir: "Bu, Yusifin sözləridir ki, buyurur: "Dedim ki, qadınların məsələsi nə idi, bunun üçün idi ki, həqiqət üzə çıxsın və Misir əzizi bilsin ki, mən onun yoxluğunda ona xəyanət etməmişəm və onun həyat yoldaşı ilə münasibət qurmamışam. O həmçinin bilsin ki, Allah xəyanətkarların hiyləsini nəticəsiz qoyur. Bu, Allahın dəyişməz və dəyişdirilməz qanunudur, çünki xəyanət batildir və batil davamlı deyil. Nəticədə haqq üzə çıxır və batilin yanlışlığını açıq-aşkar göstərir. Əgər xəyanətkarların hiyləsi baş tutmuş olsaydı, əllərini kəsən misirli qadınlar biabır və rüsvay olmazdılar və Züleyxa da etirafa məcbur qalmazdı. Yusifin (ə) bu sözlərində padşaha bir elan və məlumat da var. O, bilsin ki, Yusif heç vaxt xəyanət etməyən etibarlı bir şəxsdir. Bu, Yusifin növbəti sözlərinə bir müqəddimə kimi də xidmət edir ki, o, padşahdan onu yerin xəzinələrinə rəhbər təyin etməsini istəyir (اجعلنی علی خزائن الارض)."

Nəql olunur ki, bir gün bir kişi səyahət etmək qərarına gəldi və pulunu etibarlı bir adamın yanında əmanət qoymaq istədi. Bu səbəbdən o, şəhərin qazisinə dedi: “Mən bir səfərə çıxacağam və pulumu sənə əmanət olaraq vermək istəyirəm. Səyahətdən qayıdanda onu səndən geri alacağam.”

Qazi dedi: “Pulunu o sandığın içinə qoy, mən sənin üçün onu saxlayaram.” Kişi də belə etdi. Səyahətdən qayıdandan sonra qazinin yanına gedib dedi ki, əmanətini geri versin.

Qazi isə ona dedi ki, onu tanımır.

Kişi peşman halda şəhərin hakiminin yanına getdi və hadisəni ona danışdı. Hakim dedi: “Qazi sabah mənim yanıma gələcək. Biz danışarkən sən içəri gir və əmanətini geri al.”

Ertəsi gün qazi hakimin yanına gəldi. Hakim ona dedi: “Mən bu ay Həcc səfərinə gedəcəyəm və ölkənin idarəçiliyini sənə tapşırmaq istəyirəm, çünki səndən əmanətə sədaqətdən başqa heç nə görməmişəm.”

Əmanətin sahibi bu vaxt onların yanına daxil oldu və salam verib dedi: “Ey qazi, mən pulumu sənə əmanət vermişdim.”

Qazi dedi: “Bu sandığın açarıdır. Pulunu onun içindən götür.”

Qazi iki gün sonra hakimin yanına gəldi ki, bu məsələ haqqında birlikdə danışsınlar.

Hakim ona dedi: “Ey qazi, o kişinin əmanətini sənə ölkənin idarəçiliyini verməklə geri aldıq. İndi isə ölkəni səndən hansı yolla geri alaq?” Daha sonra onu vəzifəsindən kənarlaşdırdı.

Beləliklə, demək olar ki, əmanətə xəyanət etməklə heç bir şeyə nail olunmaz. Xəyanət insanın dünya və axirətinə zərər vurur. Dünyada insanın etibarının əlindən getməsinə və axirətdə də bədbəxçiliyinə səbəb olur.

captcha