IQNA

D-8 Sammitinin yekun bəyannaməsi dərc olunub

2:49 - December 21, 2024
Xəbər sayı: 3497285
İQNA - Misirin paytaxtı Qahirədə keçirilən İnkişafda olan 8 Ölkə (D-8) Zirvəsinin 11-ci toplantısının yekun bəyanatı yayımlanıb.

Yekun bəyanatda zirvədə iştirak edən ölkələrin liderləri və nümayəndə heyətləri Qahirə Bəyannaməsi vasitəsilə D-8 Təşkilatının genişləndirilməsini dəstəklədiklərini ifadə edərək, Azərbaycanın təşkilata tamhüquqlu üzvlüyünü məmnuniyyətlə qarşıladıqlarını qeyd ediblər.

Liderlər, D-8 Təşkilatına üzv dövlətlərə tətbiq edilən, qlobal iqtisadi sabitliyi pozacaq və beynəlxalq hüquq prinsiplərini pozan hər cür birtərəfli iqtisadi sanksiyalara qarşı olduqlarını bildirərək, bu sanksiyaların ləğvini tələb ediblər.

Bəyanatda liderlər "Sülhü və davamlı inkişafı təşviq etmək, həmçinin əməkdaşlıq, qarşılıqlı hörmət və rifah dəyərlərinə əsaslanan daha davamlı və inklüziv bir gələcək qurmaq üçün birlikdə işləmək əzmini" vurğulayaraq, qardaşlıq, sülh, dialoq, ədalət, bərabərlik, hüququn aliliyi və demokratiya prinsipləri çərçivəsində ortaq inkişaf məqsədlərini irəlilətmək vədini veriblər.

D-8 ölkələri, həmçinin fayda gətirən əhatəli və bərabərhüquqlu inkişafı təşviq etmək məqsədilə kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, enerji, elm və texnologiya, sənaye, kiçik və orta sahibkarlığın inkişafı, infrastruktur, ticarət, investisiya və nəqliyyat daxil olmaqla prioritet əməkdaşlıq sahələrində tərəfdaşlıqları gücləndirmək əzmlərini bir daha təsdiqləyiblər.

Bəyanatda təşkilatın növbəti sədri olaraq İndoneziyanın 12-ci Zirvəyə ev sahibliyi etmək təklifi məmnuniyyətlə qarşılanıb.

Zirvədə D-8-ə üzv olan İran, Türkiyə, Banqladeş, Misir, İndoneziya, Malayziya, Nigeriya və Pakistanın dövlət və hökumət başçıları ilə yanaşı, Livan Baş naziri Nəccib Mikati, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas və Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak ediblər.

Teqlər: qahirə ، misir ، iran ، azərbaycan
captcha