Fələstin Məlumat Mərkəzinin verdiyi məlumata görə, Norveç Futbol Federasiyasının prezidenti Liz Klavins, bu federasiyanın və hökumətin, sionistlərin Qəzzəyə qarşı təcavüzünə son qoyulması və fələstinli mülki şəxslərə qarşı hücumların dayandırılması tələblərini dəstəklədiyini açıqlayıb.
O əlavə edib ki, Norveç Futbol Federasiyası FIFA-dan sionist rejimə qarşı zəruri sanksiyaların nəzərdən keçirilməsini tələb edib.
Klavins, bu məsələnin yalnız idman çərçivəsində olmadığını və İsrailin Qəzzədə mülki şəxslərə qarşı qeyri-mütənasib hücumlarına heç kimin biganə qala bilməyəcəyini vurğulayıb.
Keçən cümə günü FIFA, İsrail milli futbol komandasının 2025-ci ilin martında Norveç milli futbol komandası ilə qarşılaşacağını açıqlayıb. Planlara görə, bu oyunlar gələn ilin noyabrında başa çatacaq və qaliblər Şimali Amerikada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanacaqlar.
Fələstin Futbol Federasiyası (PFA) ötən ilin aprel ayında FIFA-ya göndərdiyi məktubda, 7 oktyabr tarixindən bu yana İsrailin həyata keçirdiyi hücumların səbəb olduğu insan hüquqları pozuntularını, İsrail liqasında yaşanan ayrı-seçkilik və irqçilik hallarını nəzərə alaraq, İsrail Futbol Federasiyasının FIFA üzvlüyünə son qoyulmasını tələb etmişdi.
Norveç Futbol Federasiyasının tələbi, FIFA-nın ötən ilin oktyabr ayında sionist rejimin üzvlüyünün heç vaxt dayandırılmayacağını, lakin fələstinli futbolçulara və rəsmilərə qarşı irqçilik iddialarının araşdırılacağını açıqlamasından sonra gündəmə gəlib.
Fələstin Futbol Federasiyası verdiyi bəyanatda bildirib ki, Klavinsin açıqlamaları, FIFA-nın və dünya futbol ictimaiyyətinin insan hüquqlarının davamlı şəkildə pozulması qarşısında səssiz qala bilməyəcəyinə inanan milyonlarla insanın hissləri ilə üst-üstə düşür.
Bəyanatın başqa bir hissəsində isə İsrail işğalçı qüvvələrinin sistematik şəkildə fələstinli idmançıları və Fələstin idman infrastrukturlarını hədəf aldığı, bununla da FIFA-nın qaydalarını və insan hüquqları qanunlarını açıq şəkildə pozduğu qeyd edilib.
4255205