"İQNA", Ali Rəhbərin rəsmi məlumat mərkəzinə istinadən xəbər verir ki, bazar günü, Xanımanlar xanımı Həzrət Zəhranın (s) mübarək mövlud günü münasibətilə Ali Rəhbər Əhli-Beyt (ə) məddahları və şairləri, eləcə də cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanla görüş keçirib. O, Həzrət Fatimeyi Zəhranı (s) "haqq yolunda qiyam, mətanət, şücaət, açıq sözlülük və məntiqlə danışmaq" xüsusiyyətlərində bəşəriyyətin kamil nümunəsi kimi təqdim etdi. O, düşmənlərin qorxu, ixtilaf və ümidsizlik yaratmaq üçün göstərdiyi səylərə işarə edərək vurğuladı: “Şeytanın tərəfdarlarının xüsusiyyəti uydurma və yalan danışmaqdır və bunun çarəsi haqqı təbliğ etmək və həqiqətləri izah edərək məntiqli sözlər söyləməkdir.”
Həzrət Ayətullah Xamenei, həmçinin sionist rejimin Həmas və Hizbullahı məhv etmək məqsədinin heç birinin reallaşmamasına işarə edərək dedi: “Allahın lütfü ilə regionun şərəfli xalqları bu mənfur rejimi kökündən məhv edəcək və bölgəyə daha yaxşı bir gələcək bəxş edəcəklər.”
Ali Rəhbər regiondakı məsələlərlə, xüsusilə də Suriya mövzusu ilə bağlı bəzi məqamlara işarə edərək dedi: “Bir qrup iğtişaşçı xarici hökumətlərin köməyi, planı və proqramları ilə Suriyanın daxili zəifliklərindən istifadə edərək bu ölkəni xaosa sürükləyə bildi.”
O, bir müddət əvvəlki çıxışında ABŞ-ın region ölkələri üçün nəzərdə tutduğu ikili planı, yəni "itaətkar, despotik bir fərdi hakimiyyətə gətirmək" və ya mümkün olmadıqda, "o ölkədə iğtişaş və xaos yaratmaq" məsələsinə işarə edərək əlavə etdi: "Onların Suriyadakı proqramı iğtişaş və xaosa səbəb oldu. İndi ABŞ, sionist rejim və onların tərəfdarları qələbə qazandıqlarını düşünərək, şeytan tərəfdarları kimi yalan və şişirdilmiş sözlər danışırlar."
Həzrət Ayətullah Xamenei, amerikalı bir rəsmiyə aid "İranda iğtişaş edən hər kəsə kömək və dəstək" məzmunlu ifadəni düşmənlərin boş sözlərinin nümunəsi kimi təqdim edərək dedi: “Axmaqlar guya kababın qoxusunu hiss ediblər, amma İran xalqı ABŞ-ın bu məsələdə muzdlu adamı olan hər kəsi ayaqları altında əzəcək.”
O, bölgədəki dəyişikliklərlə bağlı başqa bir məsələyə toxunaraq, sionist rejimin qalibiyyət iddiası və özündən razı bəyanatlarına işarə edərək belə dedi: "Bədbəxtlər, siz harada qalib oldunuz? Bu qalibiyyətdir ki, qırx mindən çox qadın və uşağı bombalarla öldürdünüz, amma müharibənin əvvəlində elan etdiyiniz məqsədlərin heç birinə çata bilmədiniz? Həması məhv edib, Qəzzadakı əsirlərinizi azad etdinizmi? Böyük şəxsiyyət olan Seyid Həsən Nəsrullahı şəhid etdikdən sonra belə Livanın Hizbullah hərəkatını məhv edə bildinizmi?"
İslam İnqilabının Rəhbəri bölgədəki müqavimət hərəkatlarını (Hizbullah, Həmas və İslami Cihadı) canlı və güclü adlandıraraq, sionistlərə müraciət etdi: "Buna görə siz qalib deyilsiniz, əksinə məğlub oldunuz."
O, sionistlərin Suriyanın torpaqlarında irəliləməsi və bəzi əraziləri işğal etməsini heç bir maneə və müqavimət, hətta bir əsgərin belə qarşısına çıxmaması ilə əlaqələndirərək dedi: "Maneəsiz bu hərəkət qalibiyyət deyil. Amma heç bir şübhə yoxdur ki, Suriyanın qeyrətli və cəsur gəncləri sizi oradan çıxaracaqlar."
İslam İnqilabının Rəhbərinin bölgədəki dəyişikliklərlə bağlı üçüncü qeydi İran əleyhinə psixoloji və təbliğat müharibəsinə, həmçinin bölgədəki müttəfiqlərini itirdiyinə dair iddialara aid idi.
O vurğuladı ki, İran İslam Respublikası heç bir "vasitəçi qüvvəyə" malik deyil və dedi: "Yəmən, Hizbullah, Həmas və İslami Cihad imanları səbəbilə döyüşürlər. Onları müqavimət meydanına gətirən inanc və imanın gücüdür, bizim vasitəçi qüvvəmiz olmaq deyil."
Rəhbər əlavə etdi: "Əgər İran İslam Respublikası bir gün hər hansı bir iş görmək istəsə, vasitəçi qüvvəyə ehtiyac duymaz. Yəmən, İraq, Livan, Fələstin və inşallah, yaxın gələcəkdə Suriyadakı imanlı və şərəfli insanlar zülm, cinayət və sionist rejim kimi murdar və zorla yaradılmış rejimlə mübarizə apararlar. İran İslam Respublikası da mübarizə aparır və Allahın izni ilə bu rejimi bölgədən siləcəyik."
Bu nitqləri siyasi bir açıqlama deyil, əksinə hiss olunan və yaşanmış həqiqətlər kimi dəyərləndirən Həzrət Ayətullah Xamenei, Livanın 60-cı illərindəki qarışıqlıqlar və daxili müharibələrdən güclü, möhkəm və şərəfli bir qurum olan Hizbullahın ortaya çıxmasını vurğuladı və qeyd etdi: "O təhdidlər və təhlükəsizliksizliyə baxmayaraq, Livan Hizbullahı kimi böyük bir fürsət ortaya çıxdı. O dövrdə Seyid Abbas Musəvi kimi böyük şəxslərin şəhid olması da bu qurumu zəiflətmədi, əksinə daha da gücləndirdi. Bu gün və gələcəkdə müqavimət eyni şəkildə davam edəcək."
Həzrət Ayətullah Xamenei təhdidlərdən fürsətlər yaratmağın ayıqlıq, məsuliyyət hissi və vəzifələrin yerinə yetirilməsi ilə mümkün olduğunu vurğuladı. O, bölgənin gələcəyinin bu günündən daha yaxşı olacağına işarə edərək dedi: “Suriyada da güclü və şərəfli bir qurumun ortaya çıxacağını proqnozlaşdırırıq, çünki bu gün Suriya gənclərinin itirəcəyi heç nə qalmayıb. Məktəbləri, universitetləri, evləri və küçələri təhlükəsiz deyil. Buna görə də, güclü iradə ilə təhlükəsizliyi pozan plançılara və icraçılara qarşı dayanmalı və onlara qalib gəlməlidirlər.”
O, çıxışının ilk hissəsində iki aləmin xanımı olan Həzrət Fatimənin (s) şəxsiyyətini izah edərkən əlavə etdi: “O Həzrətin bütün həyatı, xüsusilə Peyğəmbərin (s) vəfatından sonra qısa ömrü boyu dini həqiqətlərin və möhkəm əsasların davamlı olaraq açıqlanması olmuşdur. Bu, əlçatmaz olsa da, daim ona doğru irəliləməli olduğumuz bir nümunə və zirvədir.”
İslam İnqilabının Rəhbəri Peyğəmbərdən (s) nəql olunan “Həzrət Fatiməni (s) sevmək və ona məhəbbət bəsləmək insanın yüz yerdə işinə yarayar ki, onların ən asanı ölüm anında və qəbirdədir” hədisinin mənalarını şərh edərək dedi: “Bu hədisin asan mənası, Həzrət Zəhra (s) ilə dostluğun saysız-hesabsız faydalar gətirməsidir. Çətin mənası isə odur ki, insan elə əməllər etməlidir ki, o Həzrətin sevgisi ona cəlb olunsun və nəticədə yüz yerdə misilsiz faydaları olsun.”
O, Həzrət Fatimənin (s) xüsusiyyətlərini nümunə götürməyi onun sevgisini qazanmağın yolu adlandıraraq dedi: “Bu xüsusiyyətlərdən ən mühümlərindən biri həqiqətlərin davamlı olaraq açıqlanmasıdır. Məddahlıq da əslində bu təbyin (bəyan etmək) cihadının davamıdır.”
Həzrət Ayətullah Xamenei Rəsulullahın (s) “Mömin bəzən canı və qılıncı ilə, bəzən də dili ilə cihad edir” hədisinə işarə edərək dedi: “Bəzən dil ilə edilən cihadın əhəmiyyəti və təsiri can ilə edilən cihaddan da çox olur.”
O, məddahları “dil ilə cihad edənlər” adlandıraraq dedi: “Mədddahlıq tam mənası ilə bir media və çoxşaxəli bir sənətdir. Onun şəkil və məzmun, söz və mənalar, şeir və musiqi, səs, kütlə idarəsi və insanlarla üzbəüz ünsiyyət qurma kimi müxtəlif cəhətləri vardır.”
İnqilabın Rəhbəri dövrün məsələlərinin açıqlanmasının həqiqi bir ehtiyac olduğunu vurğulayaraq, düşmənin şübhə yaratmaq və həqiqətləri təhrif etmək üçün aşkar və gizli şəkildə proqramlar hazırladığını və xərc çəkdiyini qeyd etdi. O dedi: “Məddahlar, "təbyin cihadı, maarifləndirmə, ümid və hərəkət yaratma" vasitəsilə düşmənə uyğun və təsirli cavab verə bilən şəxslərdir.”
Həzrət Ayətullah Xamenei düşmənin anti-İslam və anti-İran məqsədlərinin üçbucağını “qorxu yaratmaq, ixtilaf salmaq və ümidsizlik yaratmaq” olaraq xarakterizə edərək dedi: “Şeytanın əsas hiyləsi qorxu və təşviş yaratmaqdır. Ədəb, şeir və düşüncə adamları insanların “şücaət, məlumatlılıq və qətiyyət”lərini artırmaq üçün cəlbedici məntiqlə hərəkət etməlidirlər.”
Bu görüşün əvvəlində İranın müxtəlif bölgələrindən olan 8 nəfər mədhiyyəçi və şair, Əhli-beytin (ə) fəzilətlərini tərənnüm etdi. Görüş iştirakçıları da birgə olaraq Həzrət Zəhranın (s) məqamını vəsf edən şeirlər səsləndirdilər.
4255412