"Ərəbnews" saytının verdiyi xəbərə görə, Qəzza məscidi yanvarın 11-də açılıb və Kabilin mərkəzi hissəsində, ticarət və məşhur xalça bazarının yaxınlığında yerləşir.
Məscid iki mərtəbəlidir və 500 nəfərin ibadət edə biləcəyi yerə sahibdir. O, Kabil Bələdiyyəsi tərəfindən ayrılmış torpaqda əhalinin ianələri ilə tikilib.
Xeyriyyə yığımını idarə edən iş adamı Hacı Həbibuddin Rizai məscidin adının verilməsinin səbəbini belə izah edib: “Bu məscid qəzzalı kişi, qadın, uşaq, gənclər və qocaların torpaqlarını müdafiə etmək üçün göstərdikləri mübarizə və fədakarlıqların xatirəsinə Qəzza məscidi adlandırılıb.
O əlavə edib ki, Fələstin və Əl-Əqsa kimi başqa adlar da təklif edilib, lakin “kampaniya iştirakçılarının əksəriyyəti həmrəylik simvolu olaraq Qəzzaya səs verib”.
Sovet-Əfqan müharibəsindən (1979-1989) və 2001-ci ildə ABŞ-ın işğalından sonra davam edən iyirmi illik münaqişələr zamanı əfqanlar Fələstinə geniş dəstək ifadə ediblər, çünki onlar özləri xarici işğala məruz qalıblar.
Əfqanıstan həmçinin 1948-ci ildə Fələstin Milli Şurasının müstəqillik bəyannaməsini tanıyan ilk qeyri-ərəb ölkəsi oldu. Əfqanıstan hökumətləri həmişə Fələstin xalqının yanında olublar.
2023-cü ilin oktyabrında İsrailin Qəzzaya hücumu başlayandan bəri Qəzzanın infrastrukturunu viran qoyub və minlərlə mülki insanın ölümünə səbəb olub. Əfqanıstanın məscidlərində imamlar fasiləsiz olaraq Fələstinin azad edilməsi üçün dualar oxuyublar.
Ötən həftə atəşkəs elanı həm əfqan ailələri, həm də ictimai yerlərdə sevinclə qarşılanıb.
Qəzza məscidinin imamı Əbdül-Rəqib Həkimi əfqanların fələstinlilərə dəstək göndərmək üçün əllərindən gələni etməyə çalışdıqlarını deyib: “Hər bir müsəlman və hər bir insan son bir il yarımda Fələstin və Qəzza xalqının yaşadıqlarına rəğbət bəsləməli və onlara həmrəy olmalıdır”.
Məsciddəki ibadətçilər Fələstinə dəstək üçün daha güclü fəaliyyətə ümid etdiklərini bildiriblər.
4261876