Vatikan, ayın əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə 11 gündür Romadakı Gemelli Xəstəxanasında müalicə alan və orada ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı yazılı açıqlama verib.
Bəyanatda aşağıdakı məlumatlar yer alıb:
"Papanın səhhətinin kritik olmasına baxmayaraq, cüzi yaxşılaşma müşahidə olunur. Bu gün astmaya bənzər tənəffüs tutmaları yox idi və bəzi laboratoriya testləri yaxşılaşdığını göstərdi. Yüngül böyrək çatışmazlığının təqibi narahatlığa səbəb deyil. O, oksigen dəstəyi almağa davam etsə də, oksigen axınının sürəti və faizi hələ də profilaktik olaraq bir qədər azalıb."
Vatikanın bəyanatında Papanın günortadan sonra iş fəaliyyətinə davam etdiyi və adi bir gündə olduğu kimi axşam saatlarında Qəzzada kilsənin keşişi ilə görüşdüyü bildirilib.
Səhər saatlarında Vatikandan verilən açıqlamada Papanın gecəni sakit keçirdiyi, müalicələrinin səhər saatlarında davam etdiyi, ağrısının olmadığı və əhvalının yaxşı olduğu qeyd edilib.
Digər tərəfdən, Romada məskunlaşan kardinallar bu axşam Vatikanın dövlət katibi (baş nazir) kardinal Pietro Parolinin rəhbərliyi ilə Vatikanın Müqəddəs Pyotr meydanında toplaşaraq Papanın sağlamlığı üçün dua edəcəklər.
Papa Fransisk fevralın 9-u və 12-də keçirilən iki ictimai tədbirdə çıxış edə bilməyib, bronxit olduğunu və nəfəs almaqda çətinlik çəkdiyini deyib və köməkçilərindən onun çıxışlarının mətnini oxumağı istəyib.
Fevralın 14-də Gemelli xəstəxanasına aparılan Papanın tənəffüs yollarında polimikrob infeksiyası olduğu bildirilib.
Vatikan fevralın 18-də Papanın ikitərəfli sətəlcəm xəstəliyinə tutulduğunu və onun klinik vəziyyətinin mürəkkəb mənzərə yaratdığını elan etdi.
Həkimləri fevralın 21-də verdikləri açıqlamada “o, təhlükədən tam xilas olmasa da, Papanın həyatı üçün təhlükə olmadığını” bildiriblər.
Fevralın 22-də astma tutması keçirən Papanın vəziyyətinin kritik olduğu bildirilərkən, dünənki Vatikan açıqlamasında "Papanın daha bir tənəffüs böhranı yaşamadığı, yüngül başlayan böyrək çatışmazlığı və burundan yüksək axınlı oksigen preparatları aldığı" bildirildi.