“İQNA”-nın “Jordan Times”-a istinadən verdiyi məlumata görə, müsabiqənin bu mərhələsində 51 ölkədən Quran qariləri və hafizləri iştirak edir.
Qurani-Kərimin hafizi olan Hüseyn Xani Bidqoli bu beynəlxalq tədbirdə iştirak etmək üçün çərşənbə axşamı günü Əmmana yola düşmüş İranın bu müsabiqədəki nümayəndəsidir.
İordaniyanın vəqflər, islami işlər və müqəddəs yerlər naziri Məhəmməd Əl-Xəlayə dünən, cümə axşamı Kral 1-ci Abdullah məscidində keçirilən açılış mərasimində bildirib ki, builki yarışlar Ramazan ayının son on gününə, yəni Quranın nazil olduğu günlərə təsadüf edir.
O, həmçinin ölkə hökumətinin Quran yarışları, Quran müəssisələri və Quran hafizlərinə davamlı dəstəyini vurğulayaraq deyib: “İordaniya Beynəlxalq Quran Müsabiqəsinin görkəmli Quran hafizlərinin yetişdirilməsində mühüm rolu olub”.
Əl-Xəlayə Vəqf Nazirliyinin Quran işlərinin təbliği istiqamətindəki səylərinə toxunaraq deyib: “Vəqf Nazirliyinin Quran mərkəzlərinin tələbələri beynəlxalq yarışlarda həmişə yüksək yer tutmuşlar”.
Onun sözlərinə görə, nazirlik hazırda ölkə üzrə 2200-dən çox daimi Quran mərkəzinə dəstək verir.
O, əlavə edib: “Qurani-Kərimi əzbərləməyi daha da təşviq etmək üçün nazirlik bu yaxınlarda xüsusi sertifikat təqdim edib və bu sertifikat Quranı bütövlükdə əzbərləyənlərə veriləcək”.
İordaniya Beynəlxalq Quran Yarışı bir həftə davam edəcək, bağlanış mərasimi müqəddəs Ramazan ayının 26-da keçiriləcək.
4273171