IQNA

İki mərakeşli qari Qətərdə keçirilən Beynəlxalq Quran Qiraəti Müsabiqəsində uğur qazanıb

3:20 - March 30, 2025
Xəbər sayı: 3497925
İQNA - İki mərakeşli qari Nəbil Əl-Xərazi və Əyyub Əllam 8-ci Katara Beynəlxalq Quran Qiraəti Mükafatında (2025) müvafiq olaraq birinci və üçüncü yerləri qazanıblar.

“İQNA”-nın “le360” xəbər saytına istinadən verdiyi məlumata görə, səkkizinci dəfə keçirilən Katara Beynəlxalq Quran Qiraəti Mükafatında (2025) mərakeşli Nəbil Əl-Xərazi birinci, Misirdən Mahmud Kamaləddin Məhəmməd ikinci, Mərakeşdən Əyyub Əllam üçüncü yerə layiq görülüb. Birinci yerin sahibinə 500 min Qətər riyalı, ikinci yerin sahibinə 400 min Qətər riyalı, üçüncü yerin sahibinə isə 300 min Qətər riyalı verilib.

Həmçinin dördüncü yeri əfqanıstanlı Məhəmməd Əli Furuqi və misirli Əhməd Məhəmməd Əl-Sayid tutub, dördüncü və beşinci yerlərə isə müvafiq olaraq 200 min və 100 min Qətər riyalı verilib.

Katara Mədəniyyət Fondunun baş direktoru doktor Xalid ibn İbrahim Əl-Sulaitinin aparıcılığı ilə keçirilən mükafatlandırma mərasimi Qətər televiziyası ilə canlı yayımlanıb.

Müsabiqədə birinci yeri qazanan və 24 yaşı olan Nəbil Əl-Xarazi bildirib ki, əldə etdiyi uğura görə onu böyütməkdə çox zəhmət çəkən valideynlərinə borcludur. Rəqiblərinin səviyyəsinin çox yaxın olduğunu nəzərə alaraq, birinci yeri tutacağını gözləmədiyini də əlavə edib.

Əl-Xərazi Mərakeşdəki dini məktəblərdə dini elmlərdən dərs dediyini və universitetdə aspiranturaya hazırlaşdığını bildirib.

Üçüncü yerdə qərarlaşan 31 yaşlı Əyyub Əllam “Katara Quran tilavəti mükafatı”nda əldə etdiyi uğurun onun üçün böyük əhəmiyyət kəsb etdiyini, Qurani-Kərimi öyrətməklə yanaşı, Qurani-Kərimin qiraəti və əzbərləməyi təkmilləşdirmək üçün səylərini artıracağını bildirib.

Həmçinin səkkizinci “Katara Qurani-Kərim” tilavəti mükafatının münsiflər heyətinin üzvləri yekdilliklə bu müsabiqənin iştirakçıların səviyyələrinin yaxınlığına görə əvvəlki yarışlardan daha çox seçildiyini bildiriblər.

Müsabiqənin təcvid hakimi Dr. Əhməd Əl-Məsrəvi bu 100 iştirakçının səviyyəsinin yaxın olmasının münsiflər heyətinin işinin çətinliyini ikiqat artırdığını bildirib.

Qeyd edək ki, Katara Mədəniyyət Fondu ərəb və İslam dünyasındakı mədəni və dini roluna sadiqliyinə uyğun olaraq, 2017-ci ilin martında “Katara Quran tilavəti mükafatı”nı təsis edib. Bu mükafat Qurani-Kərimin qiraəti üzrə görkəmli istedadları həvəsləndirmək və aşkar etmək və dünyanın müxtəlif ölkələrindən seçilən qariləri tanıtmaq məqsədi daşıyır.

4274209

captcha