IQNA

İslam Əməkdaşlıq Təşkilatı Hindistanda islamofobiyanın artmasını pisləyib

11:01 - May 07, 2025
Xəbər sayı: 3498142
İQNA - İslam Əməkdaşlıq Təşkilatı Kəşmir terrorundan sonra Hindistanda müsəlmanlara qarşı törədilən hücumları pisləyib.

“Arabnews” xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Haqları Komissiyası (İHRC) Hindistanın nəzarətində olan Kəşmirdə baş verən hücumdan sonra Hindistanın bəzi bölgələrində islamafobiya və müsəlmanlara qarşı zorakılığın artması ilə bağlı narahatlığını bildirib.

Aprelin 22-də Palqam şəhərində naməlum silahlı şəxslərin hücumu nəticəsində 26 turist həyatını itirib. Hücum edənlərin hindu kişilərini hədəf almasının məzhəblərarası gərginliyin yenidən artmasına səbəb olduğu ifadə edilib.

Hindistan rəsmiləri Pakistanın hücumda əli olduğunu iddia etsə də, İslamabad bu iddianı qəti şəkildə rədd edib. Pakistan yalnız müsəlman əhaliyə siyasi dəstək verdiyini bəyan edib.

İPHRC öz bəyanatında müsəlmanlara qarşı zorakılıq və nifrət nitqinin həm internetdə, həm də gündəlik həyatda artdığını bildirib.

Həmçinin ifrat sağçı hindu millətçi qruplarının hücumda müsəlman icmasını günahlandırdığı və müsəlmanlara qarşı hədəfli cavab hücumlarının həyata keçirildiyi bildirilib.

Komissiya Palqamda mülki vətəndaşların həlak olması ilə bağlı başsağlığı verib və günahsız mülki şəxslərə qarşı zorakılığın beynəlxalq insan haqları hüququna zidd olduğunu bildirib.

IPHRC Hindistanı insan haqları öhdəliklərini yerinə yetirmək və müsəlmanların hüquqlarını qorumaq üçün konkret addımlar atmağa, hücumla bağlı qərəzsiz araşdırma aparmağa və bütün mülki şəxslərin, xüsusilə də həssas icmaların müdafiəsini təmin etməyə çağırıb.

Komissiya həmçinin BMT-nin İnsan Haqları Komissiyası da daxil olmaqla beynəlxalq aktyorları vəziyyəti izləməyə və Hindistandakı müsəlmanların təhlükəsizliyini qorumaq üçün tədbirlər görməyə çağırıb.

Palqam hücumundan sonra Hindistan və Pakistan arasında gərginlik artıb. Pakistan hökuməti Hindistanın hərbi müdaxilə edəcəyi təqdirdə sərt cavab verəcəyini bildirib.

Kəşmir bölgəsi nüvə silahına malik iki ölkə arasında gərginlik nöqtəsi olaraq qalır.

4280479

captcha