IQNA

Fransada bir məscidə hücum edilməsi ilə müsəlmanlara qarşı nifrətin artması

4:44 - July 01, 2025
Xəbər sayı: 3498445
İQNA - Əl-Hidayə məscidinə edilən hücum Fransada İslam əleyhinə artan nifrəti üzə çıxarır.

“İQNA”-nın “Mağrib Tayms”-a istinadən verdiyi xəbərə görə, Fransada müsəlmanlara qarşı nifrət dalğasının yeni bir mərhələyə çatdığı bir vaxtda, ölkənin cənub-şərqində yerləşən Rousillon şəhərindəki Əl-Hidayə məscidi zorakı və dağıdıcı hücuma məruz qalıb. Bu hadisə, müsəlman icmasının təhlükəsizliyi və Fransadakı İslam əleyhinə ritorikanın artması ilə bağlı ciddi narahatlıqlara səbəb olub.

Səhərin erkən saatlarında maskalı şəxslər tərəfindən həyata keçirilən hücumda məscidin girişi hədəf alınıb. Pəncərələr qırılıb, daxili mebellər dağıdılıb, divarlara nifrət dolu mesajlar yazılmış vərəqlər yapışdırılıb. Bu cür vərəqlər həmçinin yerə səpələnmiş halda da aşkarlanıb. Məscidə cavabdeh olan assosiasiya rəsmi şəkildə məhkəmə orqanlarına şikayət ərizəsi təqdim edib. Eyni zamanda təhlükəsizlik xidmətləri hücum edənlərin kimliyini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırmalara başlayıb.

Bu hadisə, Fransada rəsmi mənbələrin açıqladığı narahatedici statistik rəqəmlər fonunda məscidlərə və İslam qurumlarına edilən hücumların artdığını bir daha təsdiqləyir. 2025-ci ilin ilk üç ayında bu ölkədə 79 İslam əleyhinə hadisə qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72 faiz artım deməkdir. Bu rəqəmlər, Fransada müsəlmanlara qarşı düşmənçiliyin artmasında radikal siyasi və media ritorikasının mühüm rol oynadığını göstərir.

Parisdəki Böyük Məscid bu hücumu qətiyyətlə pisləyərək, rəsmi açıqlamasında onu “İslamofobiyaya əsaslanan nifrət dolu bir hərəkət” adlandırıb və Rousillon şəhərinin müsəlman assosiasiyası və sakinləri ilə tam həmrəy olduğunu bildirib.

Bu dini qurum, Fransa rəsmilərinə çağırış edərək, bu cinayətlərin qarşısını almaq və məsul şəxsləri cəzalandırmaq üçün dərhal tədbirlər görməyə çağırıb. Həmçinin bu cür cinayətlərə qarşı səssizliyin və ya dözümlülüyün Fransa cəmiyyətində birgəyaşayışa və sosial struktura ciddi təhlükə törədə biləcəyi barədə xəbərdarlıq edib.

Bu hücum, bundan öncə Vilurban şəhərində baş vermiş bənzər hadisədən sonra qeydə alınıb. Həmin hadisədə Ər-Rəhmə məscidinə hücum olunmuş, Qurani-Kərimə hörmətsizlik edilmiş və müqəddəs kitab yandırılmışdı. Bu hadisə Fransada və onun hüdudlarından kənarda geniş qəzəb və qınama dalğasına səbəb olmuşdu.

Bu dəyişikliklər fonunda, vətəndaş cəmiyyəti və insan haqları təşkilatları tərəfindən müsəlmanlara qarşı bu sistematik hücumlarla mübarizə aparılması üçün çağırışlar daha da artmaqdadır. Artıq bu hücumlar fərdi və ayrı-ayrı hadisələr deyil, Fransanın birlik, azadlıq və bərabərlik prinsiplərini təhdid edən bir fenomenə çevrilib.

4291852

Teqlər: fransa ، islamofobiya ، müsəlman ، avropa
captcha