IQNA

Misir Müftisi: “Qəzza faciəsi bir çox insani şüarın yanlışlığını üzə çıxardı”

9:31 - July 09, 2025
Xəbər sayı: 3498492
İQNA – Misir müftisi və Dünya Fətva Təşkilatlarının Baş Katibi Nazir Məhəmməd Əyyad, Fələstini İslam ümmətinin əsas məsələsi kimi qiymətləndirdi.

“Əl-Bələd” saytının xəbərinə görə, Nazir Əyyad iyulun 6-sı, bazar günü fələstinli yüksək səviyyəli bir nümayəndə heyəti ilə keçirdiyi rəsmi görüşdə Qəzzadakı faciənin beynəlxalq aləmdə geniş şəkildə yayılan bir çox insani şüarın yanlışlığını üzə çıxardığını söylədi.

Həmin heyətdə Fələstin Ali Məhkəməsinin hakimi Mahmud əl-Həbbaş, Fələstin Din İşləri naziri Məhəmməd Mustafa Nəcm ilə yanaşı Qüds, Xəlif (Əl-Xəlil) və digər Fələstin şəhərlərindən çox sayda alim və hakim də iştirak edirdi.

Misir Müftisi Fələstin məsələsinin İslam ümmətinin qəlbində və vicdanında qalacaq əsas bir məsələ olduğunu, bunun İslam ümmətinin dini və mədəni şüurundan qaynaqlanan bir inanc və kimlik məsələsi olduğunu bildirdi.

O, Fələstin xalqına dəstəyin bir hədiyyə və ya lütf deyil, dini, tarixi və əxlaqi bir vəzifə olduğunu vurğuladı.

Bundan əlavə, Qəzza əhalisinin haqlarının davam edən pozuntularını qınayaraq İsrailin təcavüzünü bütün ümmətə vurulmuş qanlı bir yara kimi xarakterizə etdi. O, bu vəziyyətin beynəlxalq ictimaiyyətin ikili standartlarını və bir çox insani şüarın yanlışlığını üzə çıxardığını qeyd etdi.

Müfti, Qəzza xalqının dirənişi və əzmini inancın, səbrin və zülmə boyun əyməməyin nadir bir nümunəsi kimi qiymətləndirdi.

Nazir Əyyad Misirin Fələstin məsələsindəki sabit mövqeyinə və fələstinlilərin öz torpaqlarından didərgin salınmasına, haqlı işlərinin məhv edilməsinə qarşı çıxdığını vurğuladı. O, Misir hökumətinin bu mövqeyinin Fələstin məsələsinə və iki xalq arasındakı tarixi və qardaşlıq bağlarına qarşı bir vəzifə və məsuliyyət hissini əks etdirdiyini bildirdi.

Mahmud əl-Həbbaş isə Misir Müftisinə təşəkkür edərək, Fələstin məsələsinə verdiyi dəstəyi yüksək qiymətləndirdi və bunu müsəlman xalqların vicdanının səmimi səsi kimi dəyərləndirdi.

4293058

captcha