IQNA

İngiltərə hökuməti İslamofobiya ilə bağlı Müsəlmanlar Şurası ilə məsləhətləşmədən imtina edir

1:23 - July 13, 2025
Xəbər sayı: 3498514
İQNA - İngiltərə hökuməti İslamofobiyanın tərifinin hazırlanması prosesində İngiltərə Müsəlmanlar Şurası (MCB) ilə məsləhətləşmənin qarşısını aldığı bir halda, İslamofobiyada ittiham olunan qruplarla bu mövzuda məsləhətləşmələr aparır.

“İQNA”-nın Ümumdünya Müsəlman Alimləri Birliyinin saytına istinadən verdiyi xəbərə görə, “Middle East Eye” saytının xüsusi hesabatı göstərir ki, İngiltərə hökuməti İslamofobiyanın tərifinin hazırlanması prosesində öz müşavirlərinin müsəlman təşkilatlarla, xüsusilə də İngiltərə Müsəlmanlar Şurası ilə məsləhətləşməsinə mane olub. Əvəzində isə hökumətin təyin etdiyi xüsusi işçi qrupuna, İslamofobiyada ittiham olunan şəxslər və qruplarla məsləhətləşmək imkanı verilib.

Bu xüsusi işçi qrupu cari ilin fevral ayında yaradılıb və ona Yəhudi Nümayəndələr Şurasında ictimai əlaqələr üzrə keçmiş vəzifəli şəxs rəhbərlik edir. O, bir silah ticarəti birliyində çalışıb və işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni yəhudi yaşayış məntəqələrində fəaliyyətdə ittiham olunan bir təşkilatla birlikdə səfərlərdə iştirak edib.

Hökumət mənbələrinin bildirdiyinə görə, Baş nazirin müavini Angela Reynerin rəhbərlik etdiyi Mənzil, İcma və Yerli İdarəetmə Nazirliyi, Müsəlmanlar Şurası ilə əlaqə olmadığını əsas gətirərək bu qurumla məsləhətləşmənin mümkün olmadığını bildirib. Halbuki İngiltərə Müsəlmanlar Şurasına məktəblər, məscidlər, yerli şuralar, peşəkar şəbəkələr və dəstək qrupları daxil olmaqla 500-dən çox təşkilat üzvdür.

İngiltərə hökumətinin Müsəlmanlar Şurası ilə məsləhətləşməməsi o halda baş verir ki, işçi qrup İslamofobiyada ittiham olunan iki tanınmış şəxs – Trevor Phillips və Con Jenkins ilə məsləhətləşib. Habelə, antisemitizmi izləməklə məşğul olan “Cəmiyyət Təhlükəsizliyi Fondu” adlanan təşkilatın nümayəndələri ilə görüş keçirib və İslamofobiyada ittiham olunan mühafizəkar yönümlü “Policy Exchange” adlı beyin mərkəzinə də məsləhətləşmə dəvəti göndərib. Gerçi bu mərkəz dəvəti qəbul etməyib.

Qeyd edək ki, 2009-cu ildən etibarən İngiltərə hökumətləri, İngiltərə Müsəlmanlar Şurası sədr müavinlərindən birinin İsrail rejiminin Qəzza zolağında həyata keçirdiyi “Dökülmüş Qurğuşun” adlı hərbi əməliyyata qarşı fələstinlilərin müqavimət haqqını dəstəkləyən bəyanatı imzalamasından sonra bu təşkilatla əməkdaşlığı dayandırıblar. Halbuki 2010-cu ildə Leyborist Partiyası bu təşkilatla münasibətləri bərpa etmişdi. Lakin Mühafizəkarlar, 2024-cü ildəki məğlubiyyətlərinə qədər bu əlaqəni davam etdirməyiblər.

4293946

captcha