IQNA

Əmmar Həkim: “İsrailin cinayətlərinə səssiz qalmaq bəşəriyyətə xəyanətdir”

4:24 - July 27, 2025
Xəbər sayı: 3498595
İQNA - İraqın Milli Hikmət Cərəyanının rəhbəri Seyid Əmmar Həkim bildirib ki, sionist rejimin cinayətlərinə səssiz qalmaq bəşəriyyətə xəyanətdir. Onun sözlərinə görə, bölgənin təhlükəsizliyi ortaqdır – ya birlikdə qalacağıq, ya da birlikdə süqut edəcəyik.

“İQNA”-nın “əl-Mərbəd” saytına istinadla verdiyi xəbərə görə, İraqda “Qadınlara qarşı zorakılığa qarşı İslam günü” münasibətilə keçirilən anım mərasimində çıxış edən Əmmar Həkim sionist rejimin əməllərini sərt şəkildə tənqid edib və İslam təşkilatlarının mənəvi məsuliyyətinə toxunaraq deyib: İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası sionist rejimin təcavüzləri qarşısında qəti və təsirli mövqe sərgiləməlidirlər.

Əmmar Həkim Qəzzada son vaxtlar baş verən zorakılıqları “təşkilatlanmış cinayət” adlandıraraq bildirib: “Sionist rejimin cinayətlərinə səssiz qalmaq bəşəriyyətə xəyanətdir.”

O, əlavə edib: “Bu rejimin himayədarlarının mənəvi çöküşü bölgənin sabitliyini təhdid edir. Bölgə təhlükəsizliyi ortaqdır – ya birlikdə qalacağıq, ya da birlikdə süqut edəcəyik.”

Əmmar Həkim onu da qeyd edib ki, elə qüvvələr var ki, vəziyyəti qarışdırmaq, nifrət, düşmənçilik və ixtilafları müxtəlif təbəqələr arasında yaymaq istəyirlər. Onun sözlərinə görə, belə xarici və qaranlıq niyyətlərə qarşı ciddi və qəti mövqe ortaya qoyulmalıdır. O, İslam Əməkdaşlıq Təşkilatını və Ərəb Liqasını bölgədə baş verən hədəflənmə, təcavüz və laqeydliklərə qarşı tarixi və məsuliyyətli rol oynamağa və İslam və ərəb birliyi mesajını bölgənin qərar qəbuletmə prosesinin mərkəzinə yerləşdirməyə çağırıb.

Əmmar Həkim çıxışının başqa bir hissəsində bildirib: “İslam qadına ləyaqət və ictimai hüquq verən ilk dindir.”

O, çıxışında həmçinin aşağıdakı məsələlərin təmin edilməsini tələb edib:

Qadınların ailədaxili zorakılıq, kibertəhdid və iş yerlərində təcavüzdən qorunması üçün qanun qəbul edilməsi;

Zorakılığa məruz qalan, cəmiyyətdən təcrid olunan və ailə dolandıran qadınların dəstəklənməsi üçün dövlət büdcəsindən vəsait ayrılması;

Qadınların dəyərli və ləyaqətli insan kimi təqdim edilməsi üçün mədəni və təhsil proqramlarının hazırlanıb icra olunması;

Qadınların azad edilmiş bölgələrdə, düşərgələrdə və qeyri-rəsmi məskənlərdə mövqeyinin bərpası;

Qadınların qərar qəbuletmə vəzifələrində real iştirakı – onların təbii haqqı kimi – təmin olunması.

Əmmar Həkim vurğulayıb ki, İraq xalqının birliyi və onların Nəcəfdəki ali dini mərcə, Ayətullah Sistaninin təmsil etdiyi rəhbərlik ətrafında toplaşması, onun dəyərli tövsiyə və istiqamətlərinə sadiq qalması ölkəni təhlükə və çağırışlardan qorumağın ən yaxşı yoludur.

O əlavə edib ki, bu gün xalqımıza və gənclərimizə qarşı istifadə olunan ümidsizlik və qorxu dili düşmənin ölkəmizə və xalqımıza qarşı apardığı psixoloji müharibənin bir hissəsidir. Sosial və siyasi elita bu məsələyə qətiyyət və iradə ilə qarşı durmalı, hökumət və müvafiq qurumlar bu təhlükəli planların icraçılarına gənclərin əzmini və cəmiyyətin təhlükəsizliyini sarsıtmağa imkan verməməlidirlər.

4296350

captcha