“İQNA”-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, Müsəlman Alimlər Ümumdünya Birliyinin sədri Əli əl-Qaradаği və baş katibi Əli əs-Səllabi Əl-Əzhər şeyxi Əhməd ət-Tayyibə ünvanladıqları açıq məktubda onun sionistlərin Fələstin xalqına qarşı təcavüzü ilə bağlı qətiyyətli mövqeyini alqışlayıblar.
Onlar bu məktubda qeyd ediblər ki, Əl-Əzhər daim məzlumları müdafiə edən və İslam ümmətinin mənəvi dəyərlərini qoruyan tarixi bir mərkəz olmuş, İsrail işğalına və müstəmləkəçiliyinə qarşı mübarizədə qabaqcıl rol oynamışdır.
Həmçinin məktubda Qəzza zolağını dəstəkləməyin, mühasirəni ləğv etməyin və humanitar yardımların çatdırılmasını asanlaşdırmağın vacibliyi barədə açıq bir fətvanın verilməsi tələb olunub. Bu addımlar dini, əxlaqi və insani bir vəzifə kimi dəyərləndirilib.
Birlik, həmçinin ümid etdiyini bildirib ki, Əl-Əzhər Qəzzanın mühasirəsinin qırılması və təcavüzün dayandırılması üçün ciddi mövqe sərgiləyəcək və məzlumlara dəstək verməyənlərə qarşı Allahın qəzəbi barədə xəbərdarlıq edib.
Keçən həftə də Müsəlman Alimlər Ümumdünya Birliyinin sədri Şeyx Əli Möhiəddin əl-Qaradаği Qəzza Fələstinlilərinə dəstək məqsədilə bəyanat yayıb və qeyd edib ki, Qəzzadakı uşaqların, qadınların və kişilərin tökülən qanının məsuliyyəti İslam ümmətinin üzərindədir.
Bu bəyanatda o, İslam ölkələrinin hökumətlərinə və müsəlman xalqlarının imkanlı fərdlərinə çağırış edərək bildirib: Qəzzada sistematik soyqırım və boğucu mühasirə şəraitində qalan günahsız insanların həyatını xilas etmək üçün — mal ilə, can ilə, sözlə və əməl ilə — hərtərəfli cihada başlasınlar.
Bu gün Qəzzada baş verənlər sadəcə bir müharibə deyil, tam mənada bir cinayətdir: Tam mühasirə, sistematik aclıq və dinc əhalinin kütləvi qətliamı. Qəzza elə bir həbsxanaya çevrilib ki, orada nə ərzaq, nə dərman, nə də su var.
Bu məzlum insanlara yardım etmək imkanı olduğu halda kömək etməyən hər kəs qardaşlıq və din əhdinə xəyanət etmiş olur və Allah-Təalanın bu barədəki təhdidinə məruz qalır. Allah buyurur:
“Həqiqətən, özlərinə zülm etmiş kəslərin canını alarkən mələklər onlara deyərlər: Nə vəziyyətdə idiniz? Onlar deyərlər: Biz yer üzündə acizlərdən idik. (Mələklər) deyərlər: Bəs Allahın torpağı geniş deyildimi ki, oraya hicrət edərdiniz?! Onların sığınacağı Cəhənnəmdir. Ora necə də pis yerdir!” (Nisa surəsi, ayə 97)
Həmçinin buyurur:
“Onları saxlayın! Çünki onlar sorğu-suala çəkiləcəklər!” (Saffat surəsi, ayə 24)
4296502