“İQNA”-nın “əl-Cəzirə”-yə istinadən verdiyi xəbərə görə, bir İsrail mediası bildirib ki, dünyanın müxtəlif yerlərindəki müxtəlif yəhudi məzhəblərinə mənsub yüzlərlə ravvin bəyanat yayaraq sionist rejimdən istəyiblər ki, Qəzzə zolağındakı sakinlərə qarşı aclıqdan silah kimi istifadə etməyi dərhal dayandırsın.
Bu ravvinlər bəyanatlarında vurğulayıblar: “Qəzzədə qurbanların sayının artması və qidalanma böhranının ağırlaşması fonunda artıq susa bilmərik”.
Onlar bildiriblər ki, Qəzzədə, o cümlədən uşaqlar və qadınlar arasında dinc sakinlərin kütləvi şəkildə öldürülməsini qəbul etmək olmaz.
Sionist rejim kabinetinin siyasi və hərbi fəaliyyətlərinə tənqidlər artır və bu rejimin keçmiş yüksək rütbəli ordu komandirlərindən biri də müharibənin dayandırılmasını və əhəmiyyətsiz detallarda israra yol vermədən tam bir razılaşmanın qəbul edilməsini istəyib.
Sionist rejimin ordusunun keçmiş əməliyyatlar şöbəsinin rəhbəri İsrail Zeyev tənqidi çıxışında bildirib: “Kabinet ordu tərəfindən əldə olunan hərbi uğurlardan siyasi mənada faydalana bilməyib və siyasi sahədə heç bir əhəmiyyətli irəliləyiş əldə olunmayıb”.
O əlavə edib: “Müharibəni bitirmək üçün cəsarətli qərar qəbul edilməlidir və ordu gələcəkdə yaranacaq hər cür təhlükə ilə üzləşməyə tam hazırdır”.
Zeyev sionist rejimin beynəlxalq aləmdəki vəziyyətini tənqid edərək bildirib: “Dünyadakı mövqeyimiz ciddi şəkildə zəifləyib. Hamı bizi vəhşi bir rejim kimi görür ki, aclığa əsaslanan bir müharibəyə əl atıb – xüsusilə də Qəzzəyə göndərilən humanitar yardımlara hücum görüntüləri yayımlandıqdan sonra”.
4296667