“İQNA”-nın “BƏƏ”-nin rəsmi xəbər agentliyi (WAM)-a istinadla verdiyi xəbərə görə, Əl-Əzhər şeyxi Əhməd Ət-Tayyibin rəhbərlik etdiyi Müsəlman Ağsaqqallar Şurası bəyanat yayaraq Konqonun “Komanda” bölgəsində yerləşən katolik kilsəsinə edilən və nəticədə onlarla günahsız mülki şəxsin həyatını itirdiyi, bir neçə nəfərin isə yaralandığı terror aktını qınayıb.
Bəyanatda belə terror aktlarının İslamın təlimlərinə və bütün ilahi qanunlara açıq şəkildə zidd olduğu, həmçinin beynəlxalq insan hüquqları qanunlarını, normalarını və ibadət məkanlarının toxunulmazlığını təmin edən dəyərləri pozduğu vurğulanıb.
Şura ibadət yerlərinə hücumları heç bir şəkildə əsaslandırıla bilməyən dəhşətli cinayət kimi qiymətləndirib və zorakılığın və terrorizmin bütün formalarına qarşı qəti mövqeyini bir daha bəyan edərək bu cür qrupların təhlükə mənbəyi olduğunu bildirib və onlara qarşı qətiyyətli mübarizə çağırışı edib.
Müsəlman Ağsaqqallar Şurası həmçinin Demokratik Konqo Respublikasının rəhbərliyinə və xalqına, habelə qurbanların ailələrinə dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət diləyib.
Qeyd edək ki, iyulun 27-də Konqo Demokratik Respublikasının şərqində yerləşən Komanda bölgəsində bir katolik kilsəsinə ölümcül hücum həyata keçirilib. Yerli rəsmilərin bildirdiyinə görə, bu hücum «Demokratik Müttəfiq Qüvvələri» (ADF) adlı üsyançı qrup tərəfindən törədilib. Qeyd olunur ki, bu qrup terrorçu DEAŞ təşkilatı ilə əlaqəlidir.
Bu hücum nəticəsində onlarla insan həyatını itirib. Lakin Konqo ordusu fərqli statistika təqdim edib. İturi əyalətində ordu sözçüsü leytenant Jules Ngongo bildirib ki, bu hücumda 10 nəfər həyatını itirib.
Onun sözlərinə görə, silahlı hücumçular ibadət edən insanlara satırla hücum çəkiblər və bu qətliamdan sonra kilsənin yaxınlığında yerləşən mağazaları da yandırıblar.
Konqo-Uqanda sərhədində aktiv olan ADF üsyançı qrupu on ildən artıqdır ki, mülki şəxslərə qarşı ardıcıl hücumlarla bölgədə sabitliyi pozur və son illərdə DEAŞ-la əlaqələrini daha da gücləndirib.
4297336