“Əl-Cəzirə”nin xəbərinə görə, yəhudi fəallar bazar ertəsi günü Tramp administrasiyasının İsrailin Qəzzaya qarşı apardığı müharibəyə dəstəyinə etiraz olaraq Nyu-York şəhərində yerləşən beynəlxalq Tramp Otelinin qarşısında aksiya keçiriblər.
Fəallar “Aclığa son”, “İsrailə dəstək vermə” kimi şüarlar yazılmış plakatlar tutublar. Polis bir neçə nümayişçini saxlayıb.
Xatırladaq ki, indiyədək Qəzzada aclıq səbəbilə çoxu uşaq olmaqla 150-dən çox fələstinli həyatını itirib. Həmçinin ABŞ və İsrailin yaratdığı ərzaq paylama mərkəzlərinin yaxınlığında 1500-dən çox insan sionistlərin birbaşa atəşi nəticəsində şəhid olub.
Bazar günü “The Jerusalem Post” qəzeti ifşa edib ki, İsrailin keçmiş təhlükəsizlik, hərbi və kəşfiyyat strukturlarında çalışmış 600-dən çox şəxs açıq məktub imzalayaraq ABŞ-ın prezidenti Donald Trampa müraciət ediblər. Onlar Trampdan Benjamin Netanyahuya təzyiq göstərərək Qəzzaya qarşı müharibəni dərhal dayandırmağa məcbur etməsini istəyiblər.
Məktubu imzalayanlar sırasında İsrail ordusunun, Mosadın, Şabakin və digər təhlükəsizlik qurumlarının yüksək vəzifəli keçmiş nümayəndələri yer alır. Onlar qeyd ediblər ki, Qəzzaya qarşı aparılan hərbi hücum elan olunan təhlükəsizlik məqsədlərinə çatmayıb, əksinə İsrailin beynəlxalq nüfuzuna və daxili təhlükəsizliyinə ciddi zərbə vurub.
Məktubda vurğulanır: “Müharibənin davam etməsi yalnız insan tələfatının artmasına, cəmiyyətdəki parçalanmanın dərinləşməsinə və İsrailə qarşı dünyada nifrətin güclənməsinə səbəb olur. Halbuki bu münaqişənin başa çatdırılması üçün heç bir siyasi strategiya təklif edilmir.”
Keçmiş rəsmilər həmçinin xəbərdarlıq ediblər ki, Netanyahunun hazırkı kabinetinin yalnız hərbi həll yollarına əsaslanan yanaşması beynəlxalq təzyiqlərin artmasına, bölgədə sabitsizliyin dərinləşməsinə və radikalizmin güclənməsinə səbəb olacaq.
Onlar həmçinin Trampdan istəyiblər ki, beynəlxalq arenada İsrailin əsas dəstəkçilərindən biri kimi nüfuzundan istifadə edərək Təl-Əvivi müharibəni dayandırmağa və siyasi həll yoluna qayıtmağa təşviq etsin.
4298393