“Əl-Cəzirə”nin verdiyi məlumata görə, bu gün cümə günü səhərə yaxın və səhər saatlarında Qəzza zolağı sionist ordusunun ağır hava və artilleriya hücumlarına məruz qalıb və bu hücumlarda qadınlar, uşaqlar da daxil olmaqla onlarla dinc sakin şəhid olub və yaralanıb.
Qəzzanın mərkəzində yerləşən Nusəyrat düşərgəsində, İttihad qülləsindəki yaşayış mənzilinin bombalanması nəticəsində bir uşaq şəhid olub, bir neçə nəfər isə yaralanıb. Hadisə yerində böyük yanğın da baş verib.
Qəzza zolağının cənubunda, Xan Yunisdə, bir evə edilən hava hücumu nəticəsində üç nəfər yaralanıb.
Qəzza şəhərinin əl-Cəla küçəsində, İsrail qırıcıları bir qaçqın ailəsinə məxsus çadırı hədəfə alıb. Hücum nəticəsində ata, ana və onların üç övladından ibarət ailə şəhid olub.
Qəzzanın qərbində yerləşən Əş-Şati düşərgəsində isə yaşayış evlərinə edilən hava hücumları nəticəsində bir neçə şəhid və yaralı qeydə alınıb. Hücumlardan birində bir qız uşağı da daxil olmaqla üç nəfər şəhid olub.
Cəbaliyanın şimalında sionist ordusu bir neçə yaşayış evini partladıb.
Qəzza şəhərinin cənubundakı əs-Sabra və əz-Zeytun məhəllələrində hava və artilleriya hücumları geniş dağıntı və insan tələfatı ilə nəticələnib. Əl-İsticabə məscidinin yaxınlığının bombalanması nəticəsində bir ana və övladı şəhid olub.
Əş-Şucaiyyə məhəlləsində isə sionist ordusu partlayıcı robotu işə salıb.
Rafah şəhərində ABŞ yardımlarının paylanma mərkəzi yaxınlığında ağır artilleriya hücumları qeydə alınıb.
Qurbanların əksəriyyəti sadə evlərdə və ya çadırlarda sığınacaq tapan evsiz və köməksiz ailələrdən ibarət olub.
4301152