“İQNA”-nın “Arabi 21”ə istinadla verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar günü bəyan edib ki, İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri bazar ertəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərində İsrailin Qəzzaya qarşı müharibəsi barədə müzakirə aparacaqlar.
Hazırda İslam Əməkdaşlıq Təşkilatı Şurasının sədri olan Fidan bəyanatında bildirib ki, bu fövqəladə iclas sionist rejimin Fələstin xalqına qarşı davamlı soyqırımı və bu rejimin Qəzzada əməliyyatlarını genişləndirmək qərarını müzakirə edəcək.
Cümə axşamı İƏT, işğalın möhkəmləndirilməsi və İsrailin Qəzza zolağı üzərində tam nəzarəti məqsədilə qəbul edilən qərar və planlara qarşı mövqelərin və birgə səylərin əlaqələndirilməsi üçün bazar ertəsi nazirlərin fövqəladə iclasının keçiriləcəyini elan etmişdi.
Qəzza Zolağının Səhiyyə Nazirliyi tərəfindən açıqlanan son statistikaya görə, 7 oktyabr 2023-cü ildə işğalçıların təcavüzünün başlanmasından bu günə qədər şəhidlərin sayı 62 min 686 nəfərə çatıb ki, onların çoxu qadın və uşaqlardır.
Nazirlik bazar günü verdiyi açıqlamada bildirib ki, təcavüzün başlanmasından indiyədək yaralıların sayı 157 min 951 nəfərə yüksəlib. Eyni zamanda, dağıntılar altında qalan bir sıra qurbanlara xilasedici qüvvələr hələ də çata bilmir.
Nazirliyin məlumatına görə, son 24 saatda 64 nəfər şəhid olub, 278 nəfər isə yaralanaraq Qəzza zolağındakı xəstəxanalara yerləşdirilib.
Eyni zamanda, Qəzza zolağının şimalında yerləşən Cəbaliya şəhəri genişmiqyaslı bombardmanlara, evlərin və obyektlərin dağıdılmasına, infrastrukturun məhv edilməsinə şahid olub ki, bu da sakinlərin kütləvi şəkildə didərgin düşməsinə səbəb olub.
4301486