IQNA

Ali Rəhbər İmam Rzanın (ə) şəhadət mərasimində:

Xalqın, məsul şəxslərin və silahlı qüvvələrin polad sipəri olan birlik zədələnməməlidir

9:07 - August 25, 2025
Xəbər sayı: 3498752
İQNA - Ali Rəhbər İmam Rzanın (ə) şəhadət mərasimində buyurdu ki, İranın düşmənləri “xalqın, məsul şəxslərin və silahlı qüvvələrin möhkəm və qüdrətli müqavimətindən” və “hərbi hücumlarda ağır məğlubiyyət yaşamalarından” başa düşüblər ki, İran xalqını və İslam sistemini müharibə ilə diz çökdürmək və itaətə məcbur etmək mümkün deyil. Buna görə də indi bu məqsədi “ölkə daxilində ixtilaf yaratmaqla” izləyirlər. Bu səbəbdən bütün xalq, məsul şəxslər və qələm sahibləri var qüvvələri ilə “xalqın müqəddəs və böyük polad sipəri olan birliyi” qorumalı və möhkəmləndirməlidirlər.

Ali Rəhbər Həzrət Əli ibn Musər-Rzanın (ə) şəhadət günü münasibətilə müxtəlif təbəqələrdən minlərlə insanla görüşdə “Əhli-beyt məktəbinin misilsiz yayılması” və “İslam dünyasında Aşura məsələsinin və İmam Hüseynin (ə) qiyam fəlsəfəsinin sürətlə yayılması”nı səkkizinci İmamın Xorasana səfərinin ən mühüm bərəkətləri adlandırdı və gündəmin əhəmiyyətli məsələlərinə toxunaraq vurğuladı: “İranın düşmənləri artıq dərk ediblər ki, xalqın möhkəm birliyi və müqaviməti ilə İran xalqını və İslam sistemini müharibə ilə ram etmək mümkün deyil. Ona görə də bu gün əsas məqsədləri ölkədə ixtilaf yaratmaqdır. Bunun qarşısında isə xalq, məsul şəxslər və qələm sahibləri bütün gücləri ilə “xalqın müqəddəs və böyük polad sipəri olan birliyi” qoruyub gücləndirməlidirlər.

Həzrət Ayətullah Xamenei çıxışının ilk hissəsində səkkizinci İmamı bütün varlığın, xüsusən də iranlıların nemət sahibi adlandıraraq, İmam Rafun şəhadətini başsağlığı verdi və həmin böyük səfərin təsirinə işarə edərək buyurdu: “Əhli-beyt məktəbi ki, İmam Hüseynin (ə) şəhadətindən sonra təcrid olunmuş və zülmə məruz qalmışdı, həmin səfərin nəticəsində təcriddən çıxdı və şiələr elə bir ruhiyyə qazandılar ki, bu ruhiyyə tarix boyu şiəliyi qorudu və hər gün Əhli-beyt davamçılarının çoxalmasına səbəb oldu”.

O, Aşura məsələsinin təbliğində sıçrayış yaratmağı səkkizinci İmamın Xorasana səfərinin ikinci mühüm nəticəsi hesab edərək əlavə etdi: “Həzrət Əli ibn Musər-Rza (ə) insanların qəlbini Aşura qiyamına yönəltməklə onun fəlsəfəsini və məqsədlərini, yəni “zülmə qarşı mübarizə”ni və “fasiq və günahkarların İslam cəmiyyətində hakimiyyətini qəbul etməməyi” insanların zehnində mərkəzləşdirdi və bir çox İslami ictimai maariflərin bəyanı və yayılması üçün zəmin yaratdı”.

Ali Rəhbər çıxışının ikinci hissəsində gündəmlə bağlı məsələlərdən danışaraq, xalqın bütün qüvvə və gücü ilə müqavimətini “ikinci məcburi müharibədə” İran xalqına dünyada xüsusi böyüklük və ikiqat izzət qazandıran amil adlandırdı və mühüm bir sual qoydu: “Doğrudanmı, son 45 ildə bütün ABŞ hökumətlərinin İranla davamlı düşmənçiliyinin səbəbi nədir?”

O, bu zahirdə sadə, amma əslində mürəkkəb suala cavab olaraq əlavə etdi: “Amerikalılar keçmişdə bu düşmənçiliyin əsl səbəbini terrorçuluq, insan haqları, demokratiya, qadın məsələsi və buna bənzər başlıqlar altında gizlədirdilər və ya “İranın davranışını dəyişmək istəyirik” deyə hörmətli formada bəyan edirdilər. Amma bu gün Amerikada hakimiyyətdə olan şəxs əsl səbəbi faş etdi və dedi: “Biz istəyirik İran sözümüzə qulaq assın”. Yəni əslində məqsəd budur ki, İran xalqı və İslam Respublikası bizim əmrlərimizə tabe olsun.

İslam İnqilabının Rəhbəri amerikalıların bu şər məqsədini dərindən anlamağın vacibliyini vurğulayaraq buyurdular: “Onlar istəyirlər ki, bu böyük tarixə və bu qədər izzət və iftixara sahib olan İran, Amerikanın əmrinə qulaq asan olsun.

Həzrət Ayətullah Xamenei, Amerikanın düşmənçiliyinin və qəzəbinin səbəbini İran xalqının şüarlarında görənləri zahirəbaxan adlandıraraq əlavə etdilər: “Eləcə də “Niyə Amerika ilə birbaşa danışıqlar aparmır və məsələləri həll etmirsiniz?” deyənlər də zahirəbaxandırlar. Çünki işin batini belə deyil və Amerikanın İranla düşmənçiliyinin əsl məqsədi fonunda bu məsələlər həllolunmazdır”.

O həzrət, Amerika rəsmilərinin İran xalqını diz çökdürmək və itaətkar etmək üçün söylədiyi sözləri və atdığı addımları iranlılara təhqir adlandıraraq vurğuladılar: “Xalq bu qədər çirkin gözləntidən dərin narazıdır və bu istəyin qarşısında güclə dayanacaq”.

O, son müharibənin əsl səbəbini də məhz bu xain niyyət və gözlənti kimi dəyərləndirdi və əlavə etdi: “Sionist rejimi təhrik edib yardım etdilər ki, guya İslam Respublikasını birdəfəlik bitirsinlər. Çünki güman etmirdilər ki, xalq onların qarşısında dayansın və elə bir yumruq vursun ki, onlar peşman olsunlar”.

İnqilab Rəhbəri, müharibə başlayandan bir gün sonra Avropada Amerikanın muzdurlarının bir yerə toplaşaraq İslam Respublikasından sonrakı hökumət haqqında müzakirə aparmasına işarə edərək buyurdu: “Onlar o qədər xəyala qapılmış və alçaq məqsədlərinin gerçəkləşəcəyinə əmin idilər ki, hücumun başlanmasından cəmi bir gün sonra yeni hökumət təyin etmək üçün toplantı keçirdilər və hətta padşah da seçdilər”.

Ayətullah Xamenei həmin nadanların arasında bir iranlının da olmasına toxunaraq buyurdu: “Öz ölkəsinə qarşı çıxıb yəhud, sionizm və Amerikanın xeyrinə fəaliyyət göstərən o iranlının başına kül olsun!”

Rəhbər, xalqla sistem arasında məsafə olması təsəvvürünü düşmənlərin və onların muzdurlarının başqa bir xülyası adlandıraraq buyurdu: “Ancaq xalq, sistemin, silahlı qüvvələrin və dövlətin yanında dayanaraq hamısının üzünə möhkəm yumruq vurdu”.

O, İslam Respublikasının silahlı qüvvələrinin qüdrət nümayişini oyun qaydalarını dəyişən bir amil adlandıraraq əlavə etdi: “Biz və bütün İran xalqı silahlı qüvvələrin bu böyük işinə görə təşəkkür edirik və bundan sonra da günbəgün İranın və onun silahlı qüvvələrinin gücü və qüdrəti artacaq”.

Ayətullah Xamenei, düşmənin son hadisələrdən çıxardığı nəticəni İranı müharibə və hərbi hücumla diz çökdürməyin mümkünsüzlüyü kimi dəyərləndirərək buyurdu: “İslam Respublikası bütün bu düşmənçiliklərə baxmayaraq, ötən 45 ildə hər gün daha güclü olub və düşmən də anlayıb ki, İranı geriyə oturtmağın yolu zorakı vasitələr deyil, ölkə daxilində ixtilaf və nifaq yaratmaqdır”.

O, Amerikanın və sionizmin daxildəki amillərini, eləcə də qəflətdə olan bəzi natiq və yazıçıları ixtilaf və çoxsəsliliyin səbəbi adlandıraraq əlavə etdi: “Bu gün, çox şükür, xalq birləşmişdir və siyasi, sosial zövqlərin müxtəlifliyinə baxmayaraq, sistemin, ölkənin müdafiəsi və düşmənin qarşısında dayanmaq üçün yekdildir. Məhz bu birlik düşmənin təcavüzünün qarşısını alır və buna görə də onlar bu birliyi məhv etməyə çalışırlar”.

İnqilab Rəhbəri, milli birliyi qorumağı ümumi bir vəzifə adlandıraraq buyurdu: “Müqəddəs birlik, möhtəşəm ictimaiyyət və xalqın ürəklərinin və iradələrinin polad sipəri zədələnməməlidir. Onun qorunması söz və qələm sahiblərinin, araşdırma aparanların, tvit yazanların, bütün xalqın və dövlət məsullarının, xüsusən də üç qüvvənin rəhbərlərinin vəzifəsidir. Çox şükür ki, onlar da bu gün tam birlik və həmrəyliklə işləyirlər”.

O, ölkənin xidmətçilərinə dəstək verməyi zəruri sayaraq əlavə etdi: “Xalq xidmətçilərə, o cümlədən çox işləyən, çalışqan və məsələni izləyən prezidentə dəstək olsun. Çünki belə şəxslər qiymətləndirilməlidir”.

Ayətullah Xamenei, “xalqın öz aralarında”, “xalqla dövlət arasında”, “sistem məsullarının bir-biri ilə” və “xalqla silahlı qüvvələr arasında” birliyin qorunmasını mütləq zərurət adlandıraraq əlavə etdi: “Əlamət və dəlillər göstərir ki, bu gün düşmənin ən çox çalışdığı şey məhz bu həmrəylik və birliyi zədələməkdir”.

O, müxtəlif məsələlərdə müxtəlif fikirlərin olmasında heç bir problem olmadığını vurğulayaraq buyurdu: “Fikir sahibləri diqqət etsinlər ki, xalqın mövcud sərvətinə tamamlayıcı fikir təqdim etmək təhqir və dağıtmaqdan fərqlidir. Həmçinin İslam Respublikasının əsaslarını – xalqın inkişafına, ölkənin tərəqqisinə və milli gücə səbəb olan əsasları – dağıtmaq olmaz. Bu, düşmənin istəyidir. Əlbəttə ki, əsasların təkmilləşdirilməsində heç bir problem yoxdur”.

İnqilab Rəhbəri sionist rejimini xalqların gözündə dünyanın ən nifrət doğuran rejimi və hökuməti adlandıraraq vurğuladı: “Bu gün hətta İngiltərə və Fransa kimi həmişə sionist rejimin tərəfdarı olmuş Qərb hökumətləri də onu qınayırlar; amma bu qınaqlar sadəcə sözlədir və faydasızdır”.

O, sionist rejim rəhbərlərinin hazırkı cinayətlərini – uşaqları aclıq və susuzluqla öldürməyi və yemək növbəsində gülləbaran etməyi – bəşər tarixində misilsiz adlandırdı və əlavə etdi: “Bu iyrənc cinayətlər qarşısında dayanmaq lazımdır; amma yalnız dillə və qınamaqla dayanmağın faydası yoxdur, Yəmən xalqının cəsurcasına etdiyi kimi, elə bir iş görmək lazımdır ki, sionist rejimə yardım yolları hər tərəfdən bağlansın”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda bu sahədə mümkün olan hər bir addımı atmağa İslam Respublikasının hazır olduğunu bildirərək, ümidvarlığını ifadə etdi ki, Uca Allah İran xalqının və bütün haqq tələbkarların hərəkətinə bərəkət versin, bu dərin və ölümcül xərçəngin kökünü bölgədən qoparsın və müsəlman xalqları oyadıb bir-birinə birləşdirsin.

4301447

captcha