IQNA

Ciddədə fövqəladə iclasda vurğulandı

Fələstin xalqı üçün birgə fəaliyyətin və “Böyük İsrail” xülyasının kökündən aradan qaldırılmasının zəruriliyi

12:36 - August 26, 2025
Xəbər sayı: 3498757
İQNA - İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası Səudiyyə Ərəbistanının Ciddə şəhərində Türkiyənin sədrliyi ilə başladı və Türkiyənin xarici işlər naziri vurğuladı ki, Fələstin xalqının kollektiv tədbirə ehtiyacı var.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası avqustun 25-də, bazar ertəsi Ciddə şəhərində Türkiyənin sədrliyi ilə işinə başladı.

Bu iclasın məqsədi sionist rejimin Qəzzəyə hücumları ilə mübarizə mexanizmlərini araşdırmaqdır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan dedi ki, Fələstin xalqının ehtiyacı olan şey birgə fəaliyyətdir.

Fidan əlavə etdi ki, İsrail Fələstində daimi həll yoluna nail olmaq üçün güclü və koordinasiyalı təzyiq altında olmalıdır.

Türkiyənin xarici işlər naziri onu da qeyd etdi ki, ölkəsi müharibənin dayandırılması istiqamətində Misir, Qətər və ABŞ-ın səylərini dəstəkləyir və vurğuladı ki, İsrail hökuməti fələstinlilərin soyqırımını həyata keçirmək niyyətindədir.

O, fələstinlilərin məcburi köçürülməsinin qarşısını almaq üçün ciddi tədbirlər görməyin vacib olduğunu bildirərək vurğuladı: “Fələstin dövlətinin tanınması artıq geri dönməz bir həqiqətə çevrilib”.

Səudiyyə Ərəbistanının XİN rəhbəri: “İsrailin işğalçılığı beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir”.

Faysal bin Fərhan, Səudiyyə Ərəbistanının xarici işlər naziri də bazar ertəsi Ciddə şəhərində keçirilən İƏT-in fövqəladə iclasında çıxış etdi.

Bin Fərhan çıxışında bəyan etdi ki, İsrailin işğalçılığı beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir.

O vurğuladı ki, beynəlxalq ictimaiyyət sionist rejimin cinayətlərinə son qoymalı və onunla mübarizə aparmalıdır.

Səudiyyə Ərəbistanının xarici işlər naziri fələstinlilərin suveren dövlətə sahib olmaq hüququnu təsdiqlədi və dedi: “Biz 1967-ci il sərhədləri əsasında Fələstin dövlətinin yaradılması səylərini dəstəkləyirik”.

Bin Fərhan həmçinin qeyd etdi ki, cəzasızlığın davam etməsi beynəlxalq sülh və təhlükəsizliyi zəiflədir.

O, Misir və Qətərin Qəzzədə atəşkəsə nail olmaq üçün göstərdiyi səyləri dəstəklədiyini bəyan edərək, sionist rejimin baş nazirinin “Böyük İsrail” xülyasına dair açıqlamalarını pislədi.

Səudiyyə Ərəbistanının xarici işlər naziri həmçinin vurğuladı ki, beynəlxalq ictimaiyyət UNRWA və Fələstin ərazilərində fəaliyyət göstərən beynəlxalq qurumlara lazımi dəstək göstərməlidir.

Bin Fərhan əlavə etdi ki, beynəlxalq ictimaiyyət sionist rejimin Qəzza zolağı üzərində tam nəzarəti ələ keçirmək niyyətinə qarşı çıxmalıdır.

Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur da İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə iclasında çıxış edərək bildirdi: “Sionist rejim öz hərəkətləri ilə göstərdi ki, öz girovlarının taleyinə əhəmiyyət vermir”.

Mansur vurğuladı: “İsrail rəsmilərinin Nil çayından Fərata qədər “Böyük İsrail” qurmaq barədə bəyanatları tamamilə pislənilir və hamımız bu düşüncənin kökündən aradan qaldırılması üçün çalışmalıyıq”.

O dedi: “Sionist rejimlə mübarizə yalnız qəzəb və hiddətlə mümkün deyil, bütün imkanlar səfərbər olunmalı və BMT Nizamnaməsinin 7-ci fəslinə əsaslanaraq Qəzzədə müharibəyə son qoyulmalıdır”.

Riyad Mansur İsrail hökumətinin məskunlaşma layihəsini və nazirlərin radikal planlarını pisləyərək dedi: “Bu planların məqsədi Qüdsü fələstinli mühitdən ayırmaq və İordan çayının qərb sahəsini işğal olunmuş torpaqlara birləşdirməkdir”.

O qeyd etdi: “Bu planlarla mübarizə sadəcə qəzəb və qınama ilə kifayət deyil, mövcud bütün imkanlar səfərbər olunmalıdır, çünki bu rejim BMT Nizamnaməsi, beynəlxalq qanunlar və qətnamələrə məhəl qoymur. Onu istiqamətini dəyişməyə məcbur etmək olar ki, bu da yalnız kollektiv güc vasitəsilə mümkündür”.

Riyad Mansur Fransa və Səudiyyə Ərəbistanının rəhbərliyi ilə Parisdə keçirilən yüksək səviyyəli beynəlxalq konfransa işarə edərək, İsrailin aclığı silah kimi istifadə etməsinə son qoyulmasını, atəşkəsin əldə olunmasını, bu rejimin Qəzza zolağından tam geri çəkilməsini və Qəzzənin bərpası üçün İslam planının dəstəklənməsini tələb etdi.

Fələstinin BMT-dəki nümayəndəsi müstəqil və suveren Fələstin dövlətinin yaradılmasının, paytaxtının isə Şərqi Qüds olmasının zəruriliyini vurğuladı və BMT baş katibi Antonio Quterreş də daxil olmaqla müxtəlif ölkələrin rəsmilərinin İsrailin hərəkətlərini qınayan cəsarətli bəyanatlarını yüksək qiymətləndirdi.

O dedi: “Bu vəhşicəsinə müharibəni dayandırmaq üçün bütün yollar, o cümlədən BMT Nizamnaməsinin 7-ci fəslinə istinad etmək lazımdır və fələstinlilərin xilası üçün beynəlxalq qüvvələrin göndərilməsi təmin olunmalıdır”.

Riyad Mansur əlavə etdi: “İsrail rəsmilərinin cəzalandırılmaması və məhkəmə qarşısına çıxarılmaması onları azğınlaşdırıb”.

4301600

captcha