“Məlumə” xəbər agentliyinin verdiyi məlumata görə, Britaniya qəzeti “Middle East Monitor”-un hesabatı təsdiqləyib ki, sionist rejim Avropada İslam məscidlərinin inşasına qarşı təxribatın və islamofobiyanın əsas amilidir.
Hesabatda deyilir: “İsrail hökumətinin ərəbdilli “X” hesabında dərc olunan bir paylaşımda Avropa üzrə məscidlərin sayının artmasına işarə edilib – 1980-ci ildə 100-dən az məscid olduğu halda, hazırda bu say 20 mindən çoxdur. Bu demoqrafik və dini varlıq “yaxınlaşan təhlükə” kimi təqdim olunub”.
Hesabatda əlavə olunub: “İsrailin həmin paylaşımı məscidləri zorakılıq və nifrətin beşiyi, müsəlmanları isə nankor və düşmən xalq kimi təsvir edib və onları Avropa cəmiyyətlərində “beşinci kolon” yaratmaqda ittiham edib”.
Qəzetin hesabatında vurğulanıb: “Müsəlman icmalarının “yaxınlaşan təhlükə” olması barədə iddialar statistik sübutlara əsaslanmır; terrorçuluqda iştirak edən müsəlmanların sayı azdır və onların qeyri-mütənasib zorakılıq meyli olduğuna dair etibarlı məlumat yoxdur. Milyonlarla müsəlmanı “beşinci kolon” kimi təqdim etmək təhlükəli bir ümumiləşdirmədir və bütöv bir icmaya qarşı nifrət və zorakılığı alovlandırır.
Hesabatın digər hissəsində qeyd olunub: “Bu bəyanat onilliklər boyu hərbi işğala, məcburi köçkünlüyə, aparteid və soyqırıma görə məsuliyyət daşıyan bir rejim tərəfindən yayılıb və dərhal qınanmalıdır. Müşahidəçilər İsrailin ritorikası ilə Avropa və Şimali Amerikada ifrat sağçı qruplar tərəfindən təbliğ olunan irqçi “Böyük əvəzləmə” nəzəriyyəsi arasında qorxulu oxşarlıq görürlər. Bu ideologiya qeyri-ağ dərili miqrantları, xüsusilə müsəlmanları, guya Qərb kimliyi və sivilizasiyasının aşınmasına görə günahlandırır”.
Hesabatın başqa bir hissəsində qeyd olunub: “ABŞ–İslam Əlaqələri Şurasının (CAIR) 2021-ci il hesabatına görə, 2017–2019-cu illər arasında Amerikanın fondlarından anti-müsəlman təşkilatlara 105 milyon dollardan çox vəsait axıdılıb. Bu təşkilatların bir çoxu ya sionist ianəçilərlə əlaqəlidir, ya da özlərini İsrailin müdafiəçiləri kimi təqdim edir, eyni zamanda İslamı və müsəlmanları şeytani göstərirlər. Buna görə də, İsrailə dəstək ilə müsəlmanlara qarşı irqçilik arasında ideoloji üst-üstə düşmə Qərbdə ifrat sağçı ritorikanın əsas xüsusiyyətinə çevrilib”.
4303069