IQNA

Şotlandiya parlamentinin sionist rejimə sanksiya qərarına müsbət səsi

9:49 - September 07, 2025
Xəbər sayı: 3498818
İQNA - Şotlandiya parlamenti Qəzzada İsrail rejiminin cinayətlərini pisləyərək bu rejimə qarşı genişmiqyaslı sanksiyaların tətbiqinə səs verib.

“İQNA”-nın “Press TV”-yə istinadla verdiyi xəbərə görə, Şotlandiya parlamenti Qəzzada İsrailin fəaliyyətlərini qınayaraq, Təl-Əviv rejiminə və bu rejimin Fələstində həyata keçirdiyi soyqırımla əlaqəsi olan bütün şirkətlərə qarşı geniş sanksiyaların tətbiqinə səs verib.

Bu qərar, Şotlandiyanın Fələstin xalqı ilə həmrəyliyini göstərərək, mühasirə altında olan bu torpaqda davam edən humanitar böhrana cavab olaraq, cümə axşamı qəbul edilib.

İsrail rejiminin və ona bağlı qurumların sanksiyalanması təklifi Şotlandiya Yaşıllar Partiyası tərəfindən irəli sürülüb. Bu partiya İsrailin Qəzzadakı hərbi əməliyyatlarını soyqırım hesab edir. Hesabatlara əsasən, soyqırım nəticəsində azı 64 min 300 fələstinli həyatını itirib və demək olar ki, Qəzzanın bütün əhalisi didərgin düşüb.

62 səs lehinə, 31 səs əleyhinə olmaqla qəbul edilən bu qərar Şotlandiya və Britaniya hökumətlərindən İsrailə və onun soyqırımında şərik sayılan şirkətlərə qarşı birbaşa sanksiyalar və investisiya qadağaları tətbiq etməyi tələb edir.

Şotlandiya Milli Partiyası (SNP) və Yaşıllar Partiyası, xarici işlər naziri Angus Robertson tərəfindən irəli sürülən Fələstin dövlətinin tanınması təklifi ilə yanaşı bu təşəbbüsü də dəstəkləyib. Bununla belə, Şotlandiya mühafizəkarları layihəyə qarşı çıxıb, Əmək Partiyası və Liberal Demokratların əksər deputatları isə bitərəf qalıb.

Şotlandiya Yaşıllar Partiyasından deputat Patrik Harvi ümidini ifadə edib ki, bu səsvermə digər Avropa dövlətlərini də Qəzzadakı humanitar böhrana daha güclü reaksiya verməyə təşviq edəcək. O, “The National” qəzetinə müsahibəsində deyib: “Fələstinlilər hər gün kollektiv cəza və etnik təmizləmə kampaniyasının bir hissəsi olaraq aclıq çəkir və qətliama məruz qalır. Bizim borcumuzdur ki, hərəkətə keçək.”

Şotlandiyanın birinci naziri Con Svinni ölkə hökumətinin humanitar dəstəyə sadiqliyini vurğulayaraq, İsrailə silah təmin edən şirkətlərə dövlət büdcəsindən maliyyə ayrılmasının dayandırılması planlarını açıqlayıb. O həmçinin Şotlandiyada fəaliyyət göstərən “Gaza Hope Field Readiness Center” təşkilatına dəstək məqsədilə “Uşaqlar üçün Cərrahiyyə Palatası”na 400 min funt ayıracağını və Qəzzada sürətli yerləşdirmə üçün sahra hospitalı yaradılmasına yardım edəcəyini bildirib.

Bundan əlavə, Şotlandiya sentyabr ayında ailələri ilə birlikdə ölkəyə gəlməsi gözlənilən Qəzzada yaralanmış 20 uşağa tibbi yardım göstərəcək və BMT-nin Fələstində Humanitar Əlaqələndirmə Ofisinə 600 min funt ianə edəcək.

Svinni vurğulayıb: “Biz tarixi miqyasda bir humanitar fəlakətin şahidi oluruq və soyqırım baş verir.”

4303585

captcha