IQNA

Moskva Beynəlxalq Kitab Sərgisində Məscidün-Nəbiyə virtual baxış

11:58 - September 08, 2025
Xəbər sayı: 3498825
İQNA - Moskva Beynəlxalq Kitab Sərgisinin ziyarətçiləri virtual reallıq turu vasitəsilə Məscidün-Nəbi ilə tanış olurlar.

“Rusiya əl-Yəvm”in verdiyi xəbərə görə, Məscidün-Nəbi ilə tanışlıq üçün təşkil edilən virtual reallıq turu Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad Nazirliyinin 38-ci Moskva Beynəlxalq Kitab Sərgisindəki stend proqramıdır. Ziyarətçilər xüsusi VR eynəklərindən istifadə etməklə Məscidün-Nəbinin müxtəlif bölmələri, o cümlədən Rövzeyi-Şərifə ilə tanış ola bilirlər.

Nazirliyin bildirdiyinə görə, bu layihə müasir texnologiyanı dini təhsil ilə birləşdirir.

Səudiyyə Ərəbistanı xəbər agentliyi şənbə günü bildirib ki, bu ölkənin stendində virtual turdan əlavə, zəvvarlar üçün çoxdilli Həcc və Ümrə tətbiqi, həmçinin Qurani-Kərimin rəqəmsal versiyası olan “Rüşd” tətbiqi də təqdim olunur.

Nazirlik vurğulayıb ki, virtual turun məqsədi rəqəmsal innovasiya vasitəsilə mühüm İslam məkanları ilə daha yaxından tanışlıq yaratmaqdır.

Moskva Beynəlxalq Kitab Sərgisi 1977-ci ildən bəri hər il keçirilir və Rusiyanın ən böyük mədəni tədbirlərindən biridir. Bu sərgi onlarla ölkədən nəşriyyatları, yazıçıları, tədqiqatçıları və oxucuları bir araya gətirir. O, mədəniyyətlərarası mübadilə üçün bir platforma rolunu oynayır və iştirakçılar dünyanın müxtəlif yerlərindən kitabları, tədris texnologiyalarını və multimedia layihələrini təqdim edirlər.

Bu il sərgidə dəyirmi masalar, mühazirələr və interaktiv sərgilər də daxil olmaqla 200-dən çox tədbir keçirilir.

38-ci Moskva Beynəlxalq Kitab Sərgisi və 3-cü Beynəlxalq Uşaq və Yeniyetmələr Kitab Sərgisi 2025-ci il sentyabrın 3-də başlayıb və sentyabrın 7-dək davam edəcək. Tədbirdə Rusiyanın müxtəlif bölgələrindən və digər ölkələrdən, o cümlədən İrandan olan 300-dən çox nəşriyyat və kitab paylayıcısı iştirak edir.

Bu il sərginin fəxri qonağı Hindistandır. Onun stendi müasir texnologiyalara, süni intellektə və ölkənin mədəni müxtəlifliyinə həsr olunmuş 50-dən çox tədbirə ev sahibliyi edir və bu proqramlarda 70-dən artıq hindistanlı və rusiyalı mütəxəssis iştirak edir.

4303638

captcha