IQNA

İraqda ilk elektron “Sireyi Nəbi” müsabiqəsinin başlanması

7:26 - September 13, 2025
Xəbər sayı: 3498852
İQNA - Müqəddəs Əli (ə) Hərəminin Dini İşlər İdarəsinə bağlı Təbliğ Şöbəsi İraqda ilk elektron “Sireyi Nəbi” müsabiqəsinin başlanmasını elan edib.

“İQNA”-nın xəbərinə görə, Müqəddəs Həzrət Əli (ə) Hərəminin informasiya portalının verdiyi məlumata əsasən, bu müsabiqə Həzrət Peyğəmbərin (s) mövludunun ildönümü münasibətilə və “Əs-Sadiqin” beynəlxalq həftəsi çərçivəsində ardıcıl dördüncü il olaraq keçirilir.

Həzrət Əli (ə) Hərəminin Təbliğ Şöbəsinin müdiri Şeyx Hani Kənani bu barədə deyib: “Müsabiqə Şeyx Əli Kurani tərəfindən yazılmış “Əhli-beyt (ə) nəzərində Sireyi Nəbi” adlı kitab əsasında, birinci cildin 1-ci səhifəsindən 250-ci səhifəsinədək keçirilir”.

O əlavə edib: “Müsabiqənin məqsədi Peyğəmbər Əkrəmin (s) mübarək həyatını işıqlandıran etibarlı bir mənbə vasitəsilə iştirakçıların zehnində orijinal nəbəvi anlayışları möhkəmləndirməkdir”.

Şeyx Hani Kənani vurğulayıb ki, müsabiqədə iştirak “Vəfid” adlı tətbiq vasitəsilə, İnformasiya Texnologiyaları Mərkəzinin və Əli (ə) Hərəminin media şöbəsinin əməkdaşlığı ilə həyata keçirilir. O həmçinin qeyd edib ki, qeydiyyat və iştirak prosesini tamamlamaq üçün tətbiqin yenilənməsi zəruridir.

Müsabiqənin mükafatlarına gəlincə, birinci yerin qalibi Ümrə ziyarəti ilə mükafatlandırılacaq, ikinci yerin qalibinə planşet, üçüncü yerin qalibinə isə pul mükafatı veriləcək. Bundan əlavə, digər yeddi qalibə Müqəddəs Əli (ə) Hərəminin həyətindən mərmərdən hazırlanmış bir qılınc hədiyyə ediləcək.

Müsabiqə 10 oktyabr 2025-ci ilədək davam edəcək və nəticələr həmin ayın 15-də elan olunacaq. Bu müsabiqə Müqəddəs Əli (ə) Hərəminin dini maariflərin yayılmasında və ziyarətçilərə, həmçinin Peyğəmbərin (s) mübarək həyatına maraq göstərənlərə xidmət məqsədilə müasir texnologiyalardan istifadəyə verdiyi önəmin göstəricisidir.

4304390

captcha