IQNA

Qəzzanın sübh tezdən hava və quru bombardmanı nəticəsində 60 şəhid var

21:14 - September 16, 2025
Xəbər sayı: 3498874
İQNA - Sionist rejimin ordusu, sentyabrın 16-da sübh tezdən Qəzza şəhərinə qarşı şiddətli və amansız hava hücumlarına başlayıb ki, indiyədək 60 fələstinlinin şəhid olmasına səbəb olub.

“Əl-Cəzirə”nin verdiyi xəbərə görə, işğalçı İsrail ordusu Qəzza zolağının şimalında yaşayış binalarını dağıtmaqla eyni vaxtda, çərşənbə axşamı sübh tezdən hava və quru bombardmanlarını daha da gücləndirib.

İvritdilli “Yisrael Hayom” qəzeti yazıb ki, Qəzzaya hücumların intensivliyi o qədər güclüdür ki, partlayış səsləri Təl-Əvivdə də eşidilir.

“Əl-Əqsa” televiziyası xəbər verib ki, işğalçı İsrail qüvvələri təyyarələr, artilleriya, helikopterlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə Qəzza şəhərini bombalayır. Eyni zamanda, çoxlu miqdarda partlayıcı ilə doldurulmuş minalanmış avtomobillər də partladılıb.

Məlumata görə, partlayışların gücü o qədər böyükdür ki, səsləri 100 kilometrdən artıq məsafədən də eşidilir.

Qəzza Mülki Müdafiə Xidmətinin sözçüsü Mahmud Basel bildirib ki, Qəzza şəhəri ağır atəşə tutulub və şəhidlərin və yaralıların sayı sürətlə artır.

Basel bu hücumu “böyük qətliam” adlandıraraq əlavə edib: “İşğalçıların Şava meydanının yaxınlığındakı yaşayış məhəlləsinə hava hücumu nəticəsində şəhidlər, yaralılar və itkin düşənlər dağıntılar altında qalıb.”

Həmçinin Haaretz qəzeti hərbi mənbələrə istinadla xəbər verib ki, İsrail ordusu yaxın vaxtlarda Qəzza şəhərində quru əməliyyatına başlamağa hazırlaşır.

Bununla yanaşı, Axios saytının İsrail rəsmilərinə istinadla verdiyi xəbərə görə, bu rejimin ordusu sentyabrın 24-dən Qəzza şəhərini ələ keçirmək üçün quru əməliyyatına başlayıb. Saytın yazdığına görə, bu əməliyyat ABŞ-ın xarici işlər naziri Marko Rubionun İsrailin baş naziri Benyamin Netanyahu və Təl-Əvivdəki yüksək səviyyəli kabinet üzvləri ilə görüşündən bir neçə saat sonra start götürüb.

İşğalçı rejimin baş naziri Benyamin Netanyahu əməliyyatın məqsədini “Hamasın tamamilə kökündən məhv edilməsi” adlandırıb. Bununla belə, bu qərar ölkə daxilində ciddi etirazlarla qarşılanıb.

Hamasın əlində əsir olan israillilərin ailələri Netanyahunu “əzizlərini qurban verməkdə” ittiham edərək bu addımı sərt tənqid ediblər. Bundan əvvəl də bəzi yüksək rütbəli israilli hərbi və təhlükəsizlik rəsmiləri Qəzzanın ələ keçirilməsi planına qarşı çıxmışdılar.

Son bir həftə ərzində İsrail ordusu Qəzza şəhərinə hava hücumlarını artıraraq, guya Həmas tərəfindən hərbi məqsədlər üçün istifadə olunduğunu iddia etdiyi onlarla hündürmərtəbəli binanı yerlə-yeksan edib.

4305275

captcha