IQNA

“Sumud” donanmasının üzvləri təhlükəli bölgəyə yaxınlaşarkən hazır vəziyyətə gətirildi

11:00 - October 01, 2025
Xəbər sayı: 3498958
İQNA - Qlobal “Sumud” donanması, onlarla qayıq və humanitar yardım daşıyan gəmidən ibarət olaraq Qəzza zolağının sahillərinə yaxınlaşır. Eyni zamanda, gəmidə olan sərnişinlər hazır vəziyyətə gətiriliblər. Çünki İsrailə məxsus bir gəmi, donanmanın öncül gəmisi sayılan “Alma” gəmisinə yaxınlaşıb.

“Əl-Cəzirə”nin verdiyi məlumata görə, bu donanmanın məsullarının bildirdiyinə əsasən, onlar hazır vəziyyətdə qalmaqda davam edirlər və daha öncə sionist rejimin dəniz qüvvələrinin hücumuna məruz qalan əraziyə daxil olublar. Bildirilir ki, İsrail gəmisi “Alma” gəmisinə yaxınlaşaraq ciddi maneələr yaradıb, bütün rabitə sistemlərini və hətta gəminin mühərrikini belə sıradan çıxarıb.

“Sumud” donanmasının sözçüsü bəyan edib ki, əgər sionist hərbçilər bu donanmadakı qayıqlardan birinə hücum etsələr, digər qayıqlar yollarına davam edəcəklər.

Donanmanın rəhbərlərinin açıqlamasına görə, gözlənilir ki, 7–10 saat ərzində onlar “çox təhlükəli bölgə”yə daxil olsunlar. Bu bölgə İsrail dəniz qüvvələrinin nəzarəti altına keçmə ehtimalı yüksək hesab edilən ərazidir.

Fələstin İnformasiya Mərkəzi də xəbər verib ki, donanmanın yaydığı bəyanatda belə deyilir:

“Biz bu gecə çox təhlükəli bölgəyə daxil oluruq və təhlükəsizliyimiz, həyatımız dünya ictimaiyyətinin diqqət və nəzarətindən asılıdır.”

Bəyanatda həmçinin gəmilərin keçidi üçün “təhlükəsiz dəhliz” yaradılması tələb olunub və xəbərdarlıq edilib ki, donanmaya ediləcək hər hansı hücum və ya təcavüz, Fələstin xalqına hücum sayılacaq.

Xəbər mənbələrinin bildirdiyinə görə, İsrail dəniz qüvvələri donanmanın Qəzza sahillərinə çatmasının qarşısını almaq üçün hazır vəziyyətə gətirilib. Bəzi məlumatlara əsasən isə, bu məqsədlə onlarla patrul qayığı və dəniz bölmələri hərəkətə keçirilib.

4308131

captcha