“Zeynul-Əsvat” müsabiqələrinin bölmə rəhbəri Mənsur Aqaməhəmmədi “İQNA” ilə söhbətində bu yarışın cari mərhələsində öz vəzifələrini izah edərək deyib: “Mən illərdir ki, ölkənin Quran ictimaiyyətinə xidmət edən bir bəndə olaraq müxtəlif sahələrdə fəaliyyət göstərmişəm. Bu yarışlarda isə hörmətli qərargah rəhbərlərinin və icraçı direktorun təyinatı ilə müsabiqələrin müavin bölmə rəhbəri vəzifəsini üzərimə götürmüşəm. Bu vəzifəyə müsabiqələrin texniki icrasına nəzarət və iştirakçılara dəstək göstərilməsi daxildir”.
O, bu müsabiqələrin ölkənin Quran fəaliyyətlərində xüsusi mövqeyə malik olduğunu vurğulayaraq əlavə edib: “Zeynul-Əsvat” müsabiqələrinin keçirilməsini Quranın istedadlarının kəşfi və inkişafı yolunda dönüş nöqtəsi hesab etmək lazımdır. Bu yarış yalnız sadə bir rəqabət deyil, həm də qarilərin və gənc hafizlərin bacarıqlarını sınamaq və onları yetişdirmək üçün bir təlim emalatxanasıdır ki, onların inkişaf və kamillik yolunu asanlaşdıra bilər.
Aqaməhəmmədi bu müsabiqələrin özünəməxsus xüsusiyyətlərini açıqlayaraq qeyd edib: “Bu yarışların ən görkəmli xüsusiyyətlərindən biri ölkənin tanınmış Quran ustadlarının və təcrübəli qari-pionerlərinin fəal və təsirli iştirakı ilə bağlıdır. Onlar öz qiymətli təcrübələrini ötürməklə yarışların keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayırlar. Həmçinin, xüsusilə Ayətullahül-uzma Sistaninin dəstəkləri bu tədbirə xüsusi mənəvi bərəkətlər bəxş edib”.
Müsabiqələrin müavin bölmə rəhbəri iştirakçıların seçilmə prosesinə də toxunaraq bildirib: “Bu mərhələnin iştirakçıları vilayət üzrə seçilən qaliblər arasından və ən sərt münsiflik meyarları əsasında müəyyənləşdirilib ki, bu da yarışların yüksək keyfiyyət göstəricisi sayılır. Bundan əlavə, dəqiq proqramlaşdırma və təcrübəli ustadların məsləhətlərindən istifadə rəqabət üçün faydalı və səmərəli bir mühit yaradıb”.
O, çıxışının digər hissəsində bu tədbirin gələcək perspektivlərini izah edərək vurğulayıb: “Biz inanırıq ki, “Zeynul-Əsvat” müsabiqələri yaxın gələcəkdə parlaq Quran istedadlarının aşkar edilməsi və inkişafının əsas mərkəzinə çevrilə bilər. Gənc və dindar qarilərin və hafizlərin vahid bir şəbəkəsinin yaradılması, Qurani-Kərimin qiraəti və hifzində milli standartların yüksəldilməsi və həmçinin qiraət üsullarına və Quran maarifinə bələd yeni bir nəsil Quran tələbələrinin yetişdirilməsi bu yarışların digər uzunmüddətli hədəfləridir”.
Aqaməhəmmədi yarışların yan proqramlarına da toxunaraq əlavə edib: “Bu qiymətli fürsətdən daha çox bəhrələnmək üçün müxtəlif tədris proqramları, o cümlədən ixtisaslaşmış qiraət və hifz seminarları, görkəmli ustadların iştirakı ilə elmi görüşlər və iştirakçılar üçün bacarıqartırma kursları nəzərdə tutulub. Ümid edirik ki, bu addımlar hərtərəfli Quran tələbələrinin yetişdirilməsində təsirli bir vasitə olacaq”.
4308296